Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının təşkilatçılığı ilə “Azərbaycan qadını dövlətçiliyin keşiyində” mövzusunda elmi-praktiki konfrans keçirilib

Gömrük Akademiyasının təşkilatçılığı ilə “Azərbaycan qadını dövlətçiliyin keşiyində” mövzusunda elmi-praktiki konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının təşkilatçılığı ilə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan qadını dövlətçiliyin keşiyində” mövzusunda elmi-praktiki konfrans keçirilib. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində  təşkil edilən konfransda Gömrük Akademiyasının rəhbərliyi, Akademiyanın, həmçinin  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Milli Aviasiya Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Dövlət Sərhəd Xidmətinin Akademiyasının, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin və  Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşları iştirak ediblər.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfrans iştirakçılarını salamlayan Akademiyanın Elmi işlər üzrə rəis müavini, prof. Cəmilə Namazova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən konfransı xüsusi təyinatlı ali təhsil müəssisələri arasında yaradılan səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirərək konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndərin dövlətçilik strategiyasının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlər barəsində bəhs edib. O, Umummilli liderin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyevin dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdiyini qeyd edib. Azərbaycan qadınlarının dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edən Q. Novruzov təhsil sahəsində də qadınlarımızın fəaliyyətinin xüsusilə diqqətəlayiq olduğunu vurğulayıb.

Akademiya rəisi çıxışının sonunda Vətənə və torpağa sədaqəti ilə seçilən, iqtisadi layihələrin iştirakçısı olan qadınlarımızın milli məfkurəyə sadiq qalaraq suveren ölkəmizin güclənməsi naminə bundan sonra da töhfələr verəcəklərinə əminliyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıb. 

Daha sonra Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan videoçarx nümayiş olunub.

Konfrans iştirakçıları “Heydər Əliyev və dövlətin idarəedici strukturlarında qadınların rolu”, “Milli təhlükəsizliyin qorunmasında qadınların rolu”, "Azərbaycan qadını – Azərbaycan cəmiyyətinin ilham qaynağı", “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” və s. mövzularda məruzə ilə çıxış ediblər.

Yekunda çıxış edən Akademiyanın rəis müavini, prof. Cəmilə Namazova qadın siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu qeyd edərək Dövlət Gömrük Komitəsinin gender bərabərliyinin təmin olunması istiqamətindəki fəaliyyətini xüsusi olaraq vurğulayıb. C. Namazova demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd edərək konfransda iştirak edən hər bir kəsə təşəkkürünü bildirib.

Konfrans Akademiyanın Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi, Heydər Əliyev təqaüdçüsü Ramazan Əsgərxanovun səsləndirdiyi “Bizim qadınlar” adlı şeiri ilə yekunlaşıb.