Gömrük Akademiyasında ISO standartı üzrə növbəti audit keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında ISO 9001:2015 "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə növbəti audit keçirilib. Audit Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu və nümayəndəliyin baş auditoru Xatirə Salahova tərəfindən aparılıb. Auditdə nəzarətçi qismində həmçinin Türk Akkreditasiya Agentliyinin (TÜRKAK) nümayəndəsi Meltem Çubuk da iştirak edib.
Auditdən öncə Akademiya rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə qonaqlarla görüş keçirilib.
Qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov keçirilən auditin əhəmiyyətindən danışaraq Akademiyada müvafiq standartların tətbiqi ilə bağlı görülən işlər haqqında ümumi məlumat verib. Görüşdə həmçinin gün ərzində Akademiyanın struktur bölmələrində davam edəcək auditin əsas mərhələləri müzakirə edilib.
Daha sonra auditorlar müvafiq standart üzrə sənədləri nəzərdən keçirib, struktur bölmələrin iş prosesi ilə yaxından tanış olub və konkret sahələr üzrə təkmilləşdirilmənin daha da yüksək səviyyədə həyata keçirilməsi üçün bir sıra təkliflər irəli sürüblər.
Sonda auditlə bağlı yekun iclas keçirilib. İclasda Arzu Gülhan Yüzereroğlu, Xatirə Salahova və Meltem Çubuk çıxış edərək Akademiyada “Keyfiyyəti İdarəetmə Sistemi” standartı ilə bağlı görülmüş işləri yüksək qiymətləndirib, müəyyən məsələlərlə bağlı təkliflərini bölüşüb, auditin keçirilməsi üçün yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası daha öncə TSE tərəfindən keçirilən təlimlər və Akademiyanın bütün strukturlarında aparılan auditlər nəticəsində “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə TS EN ISO 9001:2015, “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə TS EN ISO 45001:2018 və ISO 10002 “Müştəri məmnuniyyəti idarəetmə sistemi” standartı üzrə isə TS EN ISO 10002:2018 beynəlxalq sertifikatlarına layiq görülüb.