Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov iştirakçıları  salamlayaraq Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan, əbədi müstəqilliyimizin təminatçısı Ulu Öndər Heydər Əliyevin vəfatından 20 il keçdiyini xatırladaraq, dahi şəxsiyyətin Azərbaycan tarixində əvəzolunmaz rolundan bəhs edib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi ilə bağlı olduğunu vurğulayan Q. Novruzov işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Natiq bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını qeyd edib. Sonda Akademiya rəisi müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.

Tədbirdə çıxış edən YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq dahi şəxsiyyətlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Akademiyanın vətənpərvərliyin təbliğ edilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirirək Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. O, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.