Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tələbələr ilə vəkillik fəaliyyəti mövzusunda görüş keçirilib

Gömrük Akademiyasında tələbələr ilə vəkillik fəaliyyəti mövzusunda görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, Mediasiya Şurası yanında Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin sədri, eyni zamanda Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri, Vəkil klubunun, Bakı 3 saylı Mediasiya Təşkilatının rəhbəri Paşa Səfərovla görüş keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Akademiyanın Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova Akademiya ilə Vəkillər Kollegiyası arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edərək yeni yaradılan Vəkillər Kollegiyasının Akademiyası haqqında tələbələrə məlumat verib.

Daha sonra Vəkillər Kollegiyasının Akademiyasının elmi katibi, BDU-nun Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ üzrə” YUNESKO kafedrasının müəllimi Mələkxanım Rəhimova Vəkillər Kollegiyasının və Akademiyasının fəaliyyəti, tələbələrin vəkillik peşəsinə marağının yaradılması, bu sahəyə gənc hüquqşünasların cəlb edilməsindən bəhs edib.

Tədbirdə çıxış edən vəkil Paşa Səfərov vəkillik peşəsinin tarixi, məhkəmələrdə vəkillərin fəaliyyəti, müdafiə taktikasının qurulması, psixologiyanın hüquqşünasın fəaliyyətindəki rolu haqqında ətraflı məlumat verərək tələbələrə öz tövsiyələrini bildirib.

Sonda tələbələrin sualları cavablandırılıb.