Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi Aİ hüquq-mühafizə orqanlarının beynəlxalq seminarında təmsil olunub

Dövlət Gömrük Komitəsi Aİ hüquq-mühafizə orqanlarının beynəlxalq seminarında təmsil olunub

Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) və Aİ Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyinin (EUROPOL) icra etdiyi “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsinin beynəlxalq seminarı keçirilib.

CEPOL tərəfindən Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində təşkil edilən “EMPACT Dəstək Şəbəkəsi - Hüquq-Mühafizə Əməkdaşlığı Mexanizmləri” mövzusuna aid PGŞ seminarında DGK Əməliyyat-İstintaq Baş İdarəsinin Xarici tərəfdaşlarla iş şöbəsinin rəisi Fərid Əhmədov və Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru, TOPCOP layihəsi çərçivəsində potensialın gücləndirilməsi üzrə əlaqələndirici şəxs Elvin Mecidov iştirak ediblər. DGK nümayəndələri ilə yanaşı, seminara Aİ hüquq-mühafizə orqanları olan EUROPOL, FRONTEX, EUROJUST və ŞT region ölkələrinin (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan) hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri də qatılıblar.

Tədbirin məqsədi Aİ-nin Kriminal Təhdidlərə qarşı Multidissiplinar Platforması (EMPACT) çərçivəsində, layihənin benefisiarı olan ŞT ölkələrinin və Aİ-nin hüquq-mühafizə orqanları arasında birgə əməkdaşlığın genişləndirilməsi, Aİ hüquq-mühafizə agentliklərinin beynəlxalq əməkdaşlıq və potensialın gücləndirilməsi sahəsində icra etdiyi müxtəlif beynəxalq proqramlar və alətlərdən istifadə imkanları və ŞT ölkələrinin benefisiar hüquq-mühafizə orqanlarının təlim qurumlarının və sistemlərinin gücləndirilməsinə dəstək mexanizmlərinə dair fikir mübadilələrindən və nümayəndə heyətlərinin praktiki qrup işlərindən ibarət olub.  

Seminar iştirakçılar təlim sistemləri və prioritetləri, transsərhəd cinayətlərin aşkarlanması və qarşısının alınması istiqamətində - xüsusilə, CEPOL tərəfindən ŞT ölkələri üçün təşkil edilən narkotik vasitələrin və odlu silahların qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan və miqrant qaçaqmalçılığı kimi tematik sahələrə dair TOPCOP layihə təlimlərindən əldə edilən biliklərin ötürülməsi imkanları və digər məsələlər üzrə SWOT təhlilləri ilə çıxış ediblər.

Xatırladaq ki, 2024-cü ilin iyun ayında icra müddəti başa çatacaq TOPCOP layihəsi çərçivəsində fəaliyyətlər həm də Azərbaycan üçün gömrük sahəsində təlim potensialı və imkanlarının gücləndirilməsi və gömrük orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir.