Gömrük Akademiyasında TGT-nin yeni idarə heyəti ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyinin Tələbə Gənclər Təşkilatının yeni idarə heyəti ilə görüşü keçirilib.
TGT-yə yeni sədr seçilməsi və yeni idarə heyətinin təsdiq edilməsi ilə bağlı keçirilən görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək tələbələrinin sosial-ictimai həyatda fəallıqlarının əhəmiyyətindən, TGT-nin fəaliyyətinin effektiv şəkildə təşkil edilməsi, tələbələrin sosial fəaliyyətlərə cəlb edilməsi üçün Akademiyada yaradılan şəraitdən bəhs edib. Akademiya rəisi TGT-nin gördüyü işləri müsbət qiymətləndirərək tələbələrin asudə vaxtlarının səmərəli təşkili, gənclərin dünyagörüşlərinin, xarici dil biliklərinin artırılması istiqamətində müvafiq tövsiyələrini verib.
O, çıxışında həmçinin Akademiyanın xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq, gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyə edilməsi istiqamətində aparılan işlərin xüsusi önəmini də vurğulayıb. Q. Novruzov tələbə gənclərin Akademiyanın çoxşaxəli fəaliyyətinə töhfələrinin davamlı olacağına əminliyini bildirərək onlara uğurlar arzulayıb.
Sonda Akademiyanın yeni seçilmiş TGT sədri, “Beynəlxalq ticarət və logistika” ixtisasının II kurs tələbəsi Osman Müşəyev çıxış edərək ona göstərilən etimada görə Akademiya rəhbərliyinə və bütün tələbələrə minnətdarlığını bildirib.