Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının həmtəşkilatçılığı ilə beynəlxalq simpozium keçirilib
Gömrük Akademiyasının həmtəşkilatçılığı ilə beynəlxalq simpozium keçirilib
23 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA), Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz” mövzusunda III beynəlxalq simpozium keçirilib. Onlayn formatda seksiyalarla baş tutan simpoziuma hər üç ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı Macarıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, İtaliya və İrandan alim-tədqiqatçılar qatılıblar.
Simpozium Cənubi Qafqazda baş verən son hadisələrə nəzər yetirilməsi və problemlərin elmi platformada həlli məqsədilə təşkil edilib.
Tədbirin açılış hissəsində çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov yenilməz bir qüvvəyə çevrilən Azərbaycan-Türkiyə birliyindən söz açaraq 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinin Cənubi Qafqazda yeni reallıqlar yaratdığını və regionda fərqli mərhələnin başlamasına səbəb olduğunu diqqətə çatdırıb. Q. Novruzov Akademiya ilə Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.
Açılış nitqləri ilə çıxış edən Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru prof. Nadim Macit, Xəzər Universitetinin rektoru İradə Xəlilova və Ege Universitetinin prorektoru prof. Mehmet Ersan Cənubi Qafqazın geosiyasi rolunun istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətə malik olduğunu qeyd edərək keçirilən tədbirin elm dünyası üçün geniş töhfə verəcəyinə əminliklərini vurğulayıblar.
Daha sonra simpozium sessiyalarla öz işini davam etdirib.
Qeyd edək ki, ötən il də Akademiya ilə Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz" mövzusunda II beynəlxalq simpozium keçirilmişdir.