Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının iştirakı ilə beynəlxalq nəqliyyat-logistika dəhlizi mövzusunda konfrans keçirilib
Gömrük Akademiyasının iştirakı ilə beynəlxalq nəqliyyat-logistika dəhlizi mövzusunda konfrans keçirilib
16-17 noyabr tarixlərində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Zəngilan və Bakı şəhərlərində beynəlxalq konfrans keçirilib.
Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.
Tədbirdə açılış nitqləri ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, DGK sədrinin müavini Natiq Şirinov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa edilməsinin ölkəmizdən keçən nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar yaratdığını qeyd edərək tədbirin əhəmiyyətindən, beynəlxalq nəqliyyat dəhlizlərinin ticarətin, tranzitin inkişafındakı rolundan bəhs ediblər.
Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, nəqliyyat şirkətlərinin rəhbərlərinin, beyin mərkəzlərinin əməkdaşları və alimlərin iştirakı ilə bir neçə mövzuda panel müzakirələr keçirilib.
İkigünlük konfransın iki panel sessiyası “bp-Azərbaycan” şirkətinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Konfransın ikinci günündə “Beynəlxalq nəqliyyat dəhlizləri üçün innovativ gömrük” panel sessiyasının moderatoru Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov olub. Panel sessiyasında Azərbaycanla yanaşı Koreya, İsveçrə, Şimali Makedoniya və Rusiyadan olan tədqiqatçılar Orta Dəhlizin potensialının artırılması yolları və bu istiqamətdə gömrük sahəsində olan yeni çağırışların həllinə yönəlik elmi tədqiqatlar barəsində maraqlı müzakirələr aparıblar. Q. Novruzov həmçinin tədbirdə çıxış edərək müxtəlif ölkələrin dövlət rəsmiləri və alimlərinin iştirakı ilə təşkil olunan konfransın ilk gününün məhz Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngilan ərazisində keçirilməsinin bu bölgənin regional ticarətdə və tranzit nəqliyyatında önəminin daha da artırılmasına töhfə verəcəyini qeyd edib.
Gömrük Akademiyasının dəvət etdiyi təhlükəsizlik və logistika eksperti Alparslan İmamqulunun moderatorluğu ilə keçirilən “Logistika siyasətinin dizaynı və tətbiqi” mövzusunda baş tutan ikinci paneldə isə Çin, İndoneziya, Litva və Ukraynanın gömrükçüləri və alimləri də məruzələrlə çıxış ediblər.
Yekun sessiyada konfransın nəticələrinə dair fikir mübadiləsi aparılıb.