Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirin açılışında ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını şanlı qələbənin 3-cü ildönümü münasibətilə təbrik edərək, Zəfər Gününü tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur günü adlandırıb. Qulu Novruzov qəhrəman oğullarımızın canı-qanı bahasına, qazanılan bu zəfərin ulu öndər Heydər Əliyev strategiyasının, onun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətinin, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının Zəfəri olduğunu qeyd edib. Akademiya rəisi Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğunu qeyd edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.
Daha sonra şəhid Elnur Qədirlinin anası Gülxar Abdullayeva, şəhid Tahir Əliyevin atası Mahir Əliyev, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə və Vətən müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov çıxış edərək 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, əsgər və zabitlərimizin fədakarlığından, ölkə rəhbərliyi və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərimizin xatirələrinin anılması istiqamətində təşkil edilən bu cür önəmli tədbirə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.
Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.