Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası tədqiqat potensialının artırılması üzrə beynəlxalq layihəyə qoşuldu

Gömrük Akademiyası tədqiqat potensialının artırılması üzrə beynəlxalq layihəyə qoşuldu

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində Avropa İttifaqının (Aİ) Erasmus+ proqramının Ali Təhsildə Potensialın Gücləndirilməsi fəaliyyət kateqoriyasında Avropa Komissiyasının (AK) maliyyələşdirdiyi Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi (DIRNA) beynəlxalq konsorsium layihəsinə tam hüquqlu benefisiar tərəfdaş kimi qoşulub. Layihənin koordinator və məsul qurumu Xəzər Universitetidir.

DIRNA layihəsinin əsas məqsədi Avropanın qabaqcıl ali təhsil müəssisələri olan Finlandiyanın Jiveskile (Jyväskylä) Universitetinin, Türkiyənin İzmir Texnologiya İnstitutunun, İtaliyanın Degli Studi Dell’Aquila Universitetinin mütərəqqi təcrübə və standartlarının öyrənilməsi və tətbiqi əsasında, Xəzər Universitetinin dəstəyi ilə Azərbaycanın konsorsiumda benefisiar ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətli elmi tədqiqatların görünərliyinin artırılması, tədqiqat nəticələrinə açıq çıxışın dəstəklənməsidir. Layihənin əsas məqsədlərinə həmçinin ölkə daxilində layihənin benefisiar ali təhsil müəssisələri arasında elmi əlaqələrin və koordinasiyanın təşviqi və inkişafı məqsədilə benefisiar universitetlərdə institusional repozitoriyaların (İR) və onlardan ibarət Açıq Girişə malik İR Şəbəkəsinin yaradılması da daxildir. Bunun üçün layihə çərçivəsində yerli və xarici təlimlər, proqram təminatı, ikili və beynəlxalq əməkdaşlıq fəaliyyətləri, tədqiqat nəticələrinə və tədqiqat bazalarına çıxışın təşviq və təşkil edilməsi nəzərdə tutulur.

Qeyd edilən məsələlər Xəzər Universitetində Erasmus+ DIRNA layihəsinin başlanmasına dair keçirilmiş açılış tədbirində layihənin konsorsiumuna daxil olan 11 ali təhsil müəssisəsinin nümayəndələri arasında geniş müzakirə edilib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlının giriş nitqi ilə başlayan tədbirin rəsmi açılış hissəsində universitetin rektoru dos. İradə Xəlilova və Azərbaycan Milli ERASMUS+ ofisinin direktoru Pərviz Bağırov çıxış edərək layihənin Azərbaycanda elmi tədqiqat potensialının artırılması istiqamətində hədəflərindən və Aİ-nin Erasmus+ proqramının bu sahədə rolundan bəhs ediblər.

Tədbirdə DGKA-dan beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinator və DIRNA layihəsinin Akademiyada meneceri Elvin Mecidov, Gömrük və İdarəetmə kafedrasının müdiri Elvin Əlirzayev, İnformasiya Texnologiyaları və Texniki Elmlər kafedrasının müəllimi Asif Qanbayev və Akademiyanın kitabxanasının əməkdaşı Aysel Cəfərzadə iştirak ediblər. Elvin Mecidov DGKA-nın DIRNA layihəsində tərəfdaşlığının məqsədləri, planları, Akademiya üçün layihədə nəzərdə tutulmuş fəaliyyətlər haqda təqdimatla çıxış edərək, elmi tədqiqatların Akademiya və gömrük sahəsi üçün önəmi, tədqiqat potensialının institusional repozitoriyalar vasitəsilə artırılmasının əhəmiyyətini vurğulayıb.

2023-2026-ci illəri əhatə edən Erasmus+ DIRNA beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki üç universitetdən başqa Azərbaycanda benefisiar qurumları həm də Xəzər Universiteti (koordinator), DGKA, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti,  Lənkəran Dövlət Universiteti  və Naxçıvan Dövlət Universitetidir.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.