Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin Akademiyasında Vətən müharibəsinin 3-cü ildönümü ilə əlaqədar bütün ölkə ərazisində olduğu kimi, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov üç il əvvəl sentyabrın 27-də başlayan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu qeyd edib. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Akademiya rəisi, şəhidlərimizin müqəddəs ruhu qarşısında hər birimizin borclu olduğunu və gələcək nəsillərə zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyini qeyd edib.
Q. Novruzov bir neçə gün əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən və əldə edilən möhtəşəm qələbədən də söz açaraq tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.
Tədbirdə məruzəçi qismində çıxış edən Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Azərbaycan xalqının tarixinə qısa nəzər salaraq, qəhrəman oğullarımızın canı-qanı bahasına qazanılan bu zəfərin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətinin, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının Zəfəri olduğunu qeyd edib. İ. Hüseynov ölkəmizin inkişafı naminə gənclərə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi və bu istiqamətdə bütün güclərini səfərbər etməyi tövsiyə edib.
Daha sonra şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, Vətən müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin əməkdaşları İqbal Səfərov, Həmid Hüseynzadə də çıxış edərək 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, əsgər, zabitlərimizin fədakarlığından, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan qürurla bəhs ediblər.
Tədbir tələbələrin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.