Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Litva Dövlət Təqaüdü əsasında Litvada təhsilə başladılar

Gömrük Akademiyasının tələbələri Litva Dövlət Təqaüdü əsasında Litvada təhsilə başladılar

Dövlət Gömrük Komitəsinin Akademiyasının Litva qurumları ilə əməkdaşlığı və Litvanın paytaxtı Vilnüsdə yerləşən Mikolas Romeris Universiteti (MRU) ilə 2020-ci ilin avqust ayında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində Akademiyanın dörd tələbəsi Litvada 2023/2024-cü tədris ilində bir semestrlik təhsil üzrə dövlət təqaüdü proqramına seçiliblər.

Litvanın Təhsil Mübadiləsinə Dəstək Fondu tərəfindən icra olunan bu nüfuzlu və rəqabətli dövlət təqaüdü proqramı 2023-cü ilin aprel ayında 6 Şərq Tərəfdaşlığı ölkəsi (Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Ermənistan), 51 ASEM (“Asiya-Avropa Görüşü” klubu) ölkəsi və Litvanın prioritet ixrac bazarları olan ölkələrin (ABŞ, İsrail, Türkiyə, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri) ali təhsil müəssisələrindən olan, həmçinin xarici vətəndaşlığı olan Litva əslli maksimum 15 tələbə üçün elan edilmişdir.

Akademiya həmin təqaüdə müraciət etmək və MRU-da təhsil almaq istəyən tələbələrin seçilməsi prosesini xüsusi qiymətləndirmə və müsahibə vasitəsilə həyata keçirib. Tələbələrin seçilməsində başlıca meyarlar ingilis dili bilikləri, akademik göstəricilər, Litvada təhsil üçün akademik potensial və xarici mühitdə ünsiyyət bacarıqları olub. Nəticədə 15 təqaüddən 4-ünü Akademiyanın tələbələri qazanmışdır.

Təqaüd qazanmış və MRU-ya qəbul edilmiş Akademiyanın Beynəlxalq ticarət və logistika ixtisasının tələbələri Ələddin Ağalarov, Samirə Qurbanova, İnformasiya Texnologiyaları ixtisasının tələbələri Əsmər Əlizadə və Kənan Əkbərov payız semestri ərzində MRU-da təhsil alacaqlar.

Təhsil müddətində tələbələrə risklərin idarə olunması, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma, mühasibatlıq, kreativ yazı bacarıqları və digər fənlər tədris olunacaq.