Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin kursunu uğurla tamamlayıb

Gömrük Akademiyasının əməkdaşı Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin kursunu uğurla tamamlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Hüquq və humanitar elmlər kafedrasının müəllimi Tairə Axundova Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Mütəşəkkil Cinayətkarlığa Qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsi çərçivəsində Avropa İttifaqının (Aİ) Hüquq-mühafizə Təlimləri Agentliyi (CEPOL) tərəfindən təşkil edilmiş yüksək səviyyə üzrə “Təlimçilərin təlimi” regional kursunu uğurla tamamlayıb. Təlimdə Gömrük Akademiyasının və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları ilə yanaşı Aİ Şərq Tərəfdaşlığı proqramına daxil olan altı tərəfdaş ölkədən dörd ölkənin (Gürcüstan, Ukrayna, Moldova, Ermənistan) səkkiz nümayəndəsi də iştirak edib.

Təlimin əsas məqsədi hədəf qruplarının təlim-tədris prosesində qabaqcıl tədris dizaynı metodları, müxtəlif qarışıq öyrənmə (blended learning) və elektron təhsil (e-learning) resurslarının dizaynı konsepsiyası, öyrənmə prosesinin təşkili və idarə olunması üçün müəllif alətlərinin qabaqcıl funksiyalarının və texnikalarının tədqiq və tətbiqi haqqında biliklərini artırmaqdan ibarət olub.

Praktiki təcrübələr əsasında davam edən təlimin gündəliyinə uyğun olaraq layihə meneceri Kristos Konstantinidis və təlimçilər tərəfindən iştirakçılara öyrənmə paradiqmaları və prinsipləri, ID (tədris dizaynı) modelləri və ehtiyacların qiymətləndirilməsi, “Moodle” ilə praktik fəaliyyətlər, “collaborative” (birgə) öyrənmə, tədris üçün multimedianın yaradılması və digər mövzular ətrafında geniş məlumat verilib.

Təlimi müvəffəqiyyətlə tamamlamış iştirakçılar sonda CEPOL sertifikatları ilə təltif olunublar.

Qeyd edək ki, Gömrük Akademiyası TOPCOP layihəsi çərçivəsində Azərbaycanda gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurumdur. Ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasında və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, DGKA 2021-ci ilin aprel ayında TOPCOP layihəsinə tərəfdaş qurum olaraq qoşulmuşdur. DGKA-CEPOL əməkdaşlığı nəticəsində Azərbaycanın müvafiq gömrük xidməti orqanlarının əməkdaşları 2024-cü ilədək layihə çərçivəsində həyata keçiriləcək müxtəlif kurslar, modullar, seminarlar, təlimlər və vebinarlarda iştirak hüququ qazanmışdır.