Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası «Huawei Technologies Azerbaijan» şirkəti ilə əməkdaşlığa başlayır
Gömrük Akademiyası «Huawei Technologies Azerbaijan» şirkəti ilə əməkdaşlığa başlayır
Çinin «Huawei Technologies Azerbaijan» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri Lu Canlinin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.
Akademiyanın rəisi Qulu Novruzov qonaqlara təhsil müəssisəsinin yaranması və inkişaf tarixi haqqında məlumat verib, beynəlxalq əlaqələrin genişləndirilməsinin fəaliyyətin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Akademiya rəisi bu ilin sentyabr ayında şirkətlə Dövlət Gömrük Komitəsi arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolunun informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi üçün böyük perspektivlər açdığını vurğulayıb. Qulu Novruzov mütəxəssis hazırlığı və gömrük əməkdaşları üçün əlavə təhsil proqramlarının həyata keçirilməsində şirkətin imkanlarından istifadə edilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüb.
Gömrük Akademiyasına ilk səfərindən məmnunluq hissi keçirdiyini bildirən Lu Canlin Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə şirkət tərəfindən həyata keçirilmiş çoxsaylı layihələrdən danışıb, xüsusən Azərbaycanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiklərini qeyd edib, bu təhsil ocaqlarının seçilmiş tələbələrindən ibarət nümayəndə heyətlərinin Çinə səfərlərinin təşkil olunduğunu vurğulayıb. Lu Canlin Dövlət Gömrük Komitəsi ilə imzalanmış niyyət protokolunun gömrük işinin təşkilində “Huawei” şirkətinin istehsalı olan avadanlığın tətbiqinin perspektivli olduğunu qeyd edib və Gömrük Akademiyası ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Daha sonra qonaqlar Akademiyanın infrastrukturu ilə tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi