Baş səhifə
Xəbərlər
Akademiya
Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının nümayəndə heyəti Gömrük Akademiyasında olub

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının nümayəndə heyəti Gömrük Akademiyasında olub

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının rəhbəri cənab Suhail bin Muhammed Abanminin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında olub. Görüşdə Dövlət Gömrük Komitəsinin sədrinin müavinləri Natiq Şirinov və gömrük xidməti general-leytenantı Cavad Qasımov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının nümayəndə heyəti və Akademiyanın əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Q. Novruzov gömrük işinin təşkili istiqamətində iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, Akademiyada innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Strategiya və İnkişaf üzrə rəhbər müavini Abdullah A. Alfuntukh səmimi qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə öz təşəkkürünü bildirib. O, ölkəmizin gömrük xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək təmsil etdiyi qurum haqqında məlumat verib.

Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.