Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İspaniyada keçirilən seminarda təmsil olunur
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İspaniyada keçirilən seminarda təmsil olunur
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən növbəti təlim proqramında təmsil olunur. Təlim səfərində Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Nazirliyin Elm sektorunun müdiri Süleyman Turxan, o cümlədən layihə konsorsiumunun üzvü olan digər ali təhsil müəssisələrinin rektorları, prorektorları və digər məsul şəxsləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Katibliyinin sədri Azər Seyidov da iştirak edir.
10-14 iyul tarixlərini əhatə edən səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir.
Charles III Universitetində baş tutan təlim-seminarların ilk günü İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa çıxış edib. O, Azərbaycan nümayəndə heyətini salamlayaraq onları İspaniyada görməkdən məmnun olduqlarını qeyd edib.
Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli nümayəndələr adından İspaniyalı həmkarları salamlayıb və sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.
Çıxışlardan sonra Konfransının yaranması, İspaniya ali təhsil sistemində Konfransın yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimat nümayiş etdirilib, eləcə də İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən sektorlararası münasibətlər və koordinasiyanın vacibliyindən danışılıb.
Yekunda sual cavab sessiyası baş tutub, xarici ekspertlərlə faydalı fikir mübadilələri aparılıb.
Qeyd edək ki, Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib qəbul edildikdən sonra Akademiyanın layihədə iştirakı 2022-ci ilin aprel ayından başlayıb.
Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.