Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu

Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Gais”, “Malwation” və “PEYK” Kibertəhlükəsizlik Texnologiyaları Anonim Şirkətləri ilə əməkdaşlıq çərçivəsində “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub. Bu münasibətlə Akademiyada laboratoriyanın açılışı və hər üç şirkətlə Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Aslanov, Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal, səfirliyin Daxili işlər müşaviri İlhan Şen, səfirliyinin Ticarət Müşavirliyinin müşaviri Yakup Sefer, “Gais” Kibertəhlükəsizlik Texnologiyaları Anonim Şirkətinin icraçı direktoru Osman Doğan, “Malwation” Şirkətinin icraçı direktoru Kağan İşildak, “PEYK” Şirkətinin icraçı direktoru Can Umay, “Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də daxil olmaqla digər dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər.
 
Qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib. Q. Novruzov İT sahəsi üzrə kadr hazırlığının həyata keçirilməsində Akademiya ilə qardaş Türkiyənin aparıcı kibertəhlükəsizlik şirkətləri arasında qurulan səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, yeni qurulan kibertəhlükəsizlik tətbiq laboratoriyası barəsində məlumat verərək laboratoriyanın təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
 
Daha sonra Akademiyanın fəaliyyəti haqqında təqdimat nümayiş olunub.
 
Türkiyənin Azərbaycandakı səfirliyinin baş müşaviri Ahmet Erdal və digər müşavirləri İlhan Şen, Yakup Sefer Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin önəmini vurğulayaraq Akademiyanın İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Aslanov gömrük orqanlarının fəaliyyətinin səmərəli təşkilində İT sahəsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinin önəmindən bəhs edib. Bu sahə üzrə tələbələrin gələcək inkişafı baxımından qurulan laboratoriyanın önəmindən söz açan idarə rəisi laboratoriyanın yaradılmasında göstərilən dəstəyə görə qardaş Türkiyənin kibertəhlükəsizlik sahəsi üzrə qlobal səviyyədə tanınan hər üç şirkətinə öz təşəkkürünü bildirib.
 
Tədbirdə “Gais”, “Malwation” və “PEYK” şirkətlərinin icraçı direktorları Osman Doğan, Kağan İşildak, Can Umay səmimi qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə təşəkkür edərək, təmsil etdikləri şirkətlərin fəaliyyət istiqamətləri barəsində məlumat verib və Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını ifadə ediblər.
 
Çıxış edən digər qonaqlar da müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində bu tipli tətbiq laboratoriyalarının yaradılmasını sevindirici hal kimi qiymətləndiriblər.
 
Sonra Gömrük Akademiyası ilə “Gais”, “Malwation” və “PEYK” şirkətləri arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
 
Tədbirin rəsmi hissəsindən sonra “GMP Lab”  kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılışı olub.
 
Laboratoriyanın açılışında iştirak edən qonaqlar həmçinin Akademiyada yerli və xarici mütəxəssislər tərəfindən dərs və məşğələlərin tədris olunduğu kibertəhlükəsizlik üzrə yay məktəbinin iştirakçısı olan tələbələrlə də görüşüblər.
 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “GMP Lab” “kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (VULPMP - Mərkəzi pentest idarəetmə, AIMA - Zərərli proqramların təhlili sistemi, MSP - Zərərli proqram simulyasiya platforması və digər kiber monitorinq alətləri) “Gais Cyber Security”, “Malwation” və “PEYK” kibertəhlükəsizlik məhsullarından istifadə etmə və beləliklə, kritik sistemlərə nəzarət etmə imkanı verəcəkdir. “Gais” kibertəhlükəsizlik şirkəti VULPMP proqram təminatını, “PEYK” şirkəti veb-saytların monitorinqi üçün qabaqcıl alətləri, “Malwation” şirkəti isə hazırda ölkədə və dünyada tanınan AİMA, MSP və CDR kimi proqram təminatını təklif edir.