Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri kibertəhlükəsizlik yarışının qalibi olublar

DGKA tələbələri kibertəhlükəsizlik yarışının qalibi olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Digital Challenge Azerbaijan” çərçivəsində keçirilən kibertəhlükəsizlik yarışında birinci yerə layiq görülərək qalib olublar.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Technion Texnologiya İnstitutunun əməkdaşlığı ilə ingilis dilində və komanda formatında təşkil olunan kibertəhlükəsizlik yarışı üç mərhələdən ibarət olub. İlkin seçim mərhələsində iştirakçılar CTF (Capture The Flag) formatında texniki biliklərini sınayıblar. Final mərhələsi isə “Hackathon” və Azərbaycanda ilk dəfə tətbiq olunan “Cyber War” formatından ibarət olub. Yarışda 10 komanda üzrə 30 iştirakçı mübarizə aparıb.
Belə ki, ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı müxtəlif dövlət və özəl sektorlarda çalışan peşəkar İT mütəxəssislərinin də qatıldığı yarışda Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisasının IV kurs tələbələri Mobil Mərdi və Fəxrəddin Məşədizadə “Cyderman” komandasının tərkibində yüksək bilik və bacarıq nümayiş etdirərək I yerə layiq görülüblər.
Yarışın yekununda qalib komandaların üzvləri “İKT Karyera Sərgisi 2026” çərçivəsində mükafatlandırılıblar.
Qeyd edək ki, “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində təşkil olunan yarış proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində gənclərin bilik və praktiki bacarıqlarının qiymətləndirilməsini, rəqəmsal sahədə istedadlı mütəxəssislərin üzə çıxarılmasını hədəfləyir.