Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Akademiyanın rəis müavini, prof. Cəmilə Namazova iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək tarixi Qələbənin əhəmiyyətindən, Azərbaycanın artan iqtisadi qüdrətindən və beynəlxalq nüfuzundan bəhs edib.
Konfransda Akademiyanın müəllimi, t.e.ü.f.d. Cəmilə Həsənova Birinci və İkinci Qarabağ müharibələrinin tarixi-siyasi mahiyyətinə, xalqımızın torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda keçdiyi mübarizə yoluna toxunub. O, bu tarixi proseslərin milli yaddaşın və dövlətçilik tariximizin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra tələbələrin Zəfər tarixi, Azərbaycanın müstəqillik və inkişaf yolu, milli suverenlik, işğaldan azad edilmiş ərazilərdə quruculuq və rəqəmsal bərpa proseslərinə həsr olunmuş məruzələri dinlənilib.















