Baş səhifə
Xəbərlər
Akademiya
DGKA magistrlərindən beynəlxalq uğur: Bir təhsil müddətində 3 ölkənin magistr diplomu

DGKA magistrlərindən beynəlxalq uğur: Bir təhsil müddətində 3 ölkənin magistr diplomu

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Litvanın Mikolas Romeris Universitetinin (MRU) ikili dərəcəli magistr proqramının ilk tələbələri təhsilini uğurla başa vuraraq məzun olublar.
Belə ki, 2022-ci ildə Akademiyanın “Hüquqşünaslıq” ixtisasının “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olan Rafiq Hüseynov və Hüseyn Quliyev 2024-cü ildə DGKA-MRU birgə proqramına seçilərək təhsillərini Litvada davam etdiriblər. Onlar proqramı uğurla başa vuraraq MRU-nun “Avropa və Beynəlxalq Biznes Hüququ” üzrə magistr diplomunu əldə ediblər.
Təhsil dövründə yaradılmış beynəlxalq akademik imkanlardan faydalanan magistrlər, eyni zamanda, ikili dərəcə proqramı çərçivəsində Fransanın Savoy Monblan Universitetində (Savoie Mont Blanc University) də bir semestrlik təhsil proqramını tamamlayıblar. Bununla da, onlar növbəti mərhələdə həmin universitetin hüquq sahəsi üzrə müvafiq magistr diplomunu da əldə edərək eyni təhsil müddətində üç ölkənin — Azərbaycan, Litva və Fransa universitetlərinin rəsmi magistr diplomlarına yiyələnəcəklər.
Qeyd edək ki, proqram çərçivəsində məzunlardan Hüseyn Quliyev nüfuzlu Litva Dövlət Təqaüdünə seçilərək təhsilini həmin təqaüd çərçivəsində tamamlamışdır.
Xatırladaq ki, Akademiyanın beynəlxalq əməkdaşlıq fəaliyyətinin mühüm nəticəsi olan bu proqramın hüquqi bazası 2023-cü ildə Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov və MRU-nun Xüsusi Hüquq İnstitutunun direktoru, professor Virginiyus Bayt tərəfindən hazırlanmış, həmin ilin sonunda Vilnius şəhərində rəsmi imzalanmışdır. İmzalanmış sənəd ikili dərəcə ilə yanaşı, Fransa universiteti ilə birgə üçlü diplom modelinin də hüquqi əsasını təşkil edib.
Məlumat üçün bildirək ki, DGKA ilə MRU arasında 2020-ci ildən təməli qoyulmuş institusional tərəfdaşlıq çərçivəsində tələbə mübadiləsi dinamik şəkildə davam etdirilir. İndiyədək Akademiyanın 15 bakalavr tələbəsi Litva Dövlət Təqaüdü proqramına layiq görülərək MRU-da bir semestr müddətində təhsil almaq imkanı qazanıb.