DGKA-nın tələbəsi “Qızların təhsilinə dəstək” layihəsinin məzunu olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib.
Məzun günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, ali təhsil müəssisələrinin rektorları, dövlət və özəl sektorun nümayəndələri və layihənin məzunları iştirak ediblər.
Layihənin əsas məqsədi qızların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların sosial-iqtisadi inkişafına dəstək göstərilməsidir. Beş il ərzində yüzlərlə gənc qadın müxtəlif təqaüd proqramları çərçivəsində bu təşəbbüsdən yararlanıb.
Məzunlar arasında Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova da yer alıb. O, bu il həmçinin bakalavriat təhsilini uğurla tamamlayaraq ikiqat məzun statusu əldə edib.
Əminə Əhmədova çıxış edərək layihənin onlara yalnız təhsil deyil, həm də inam və motivasiya qazandırdığını bildirib.
Tədbir çərçivəsində məzunlar təbrik olunub, onlara xatirə hədiyyələri təqdim edilib.
Daha sonra bədii proqram nümayiş olunub.







