Tələbələrimiz mühasibat uçotu üzrə sertifikatlara layiq görülüblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) İqtisadiyyat ixtisası üzrə təhsil alan II kursun bir qrup tələbəsi mühasibat uçotu sahəsində keçirilən imtahanda uğurlu nəticələr əldə edərək sertifikatlara layiq görülüb.
Belə ki, Akademiyanın 9 tələbəsi mühasibat uçotu üzrə mütəxəssislərin hazırlanması sahəsində uzunmüddətli təcrübəyə malik İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İAHM) tərəfindən milli qanunvericilik üzrə təşkil olunan Maliyyə uçotu imtahanında yüksək nəticə göstərərək sertifikata layiq görülüb.
Sertifikat əldə edən tələbələrdən 4 nəfəri isə imtahanda ən yüksək nəticə göstərərək “Vergi və maliyyə uçotu (fərqlənmə)” sertifikatına layiq görülüb.
Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında sertifikat əldə edən sözügedən tələbələrlə görüş təşkil olunub.
Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların qazandıqları nailiyyətlərin həm Akademiyanın tədris keyfiyyətinin, həm də tələbələrin bilik və hazırlıq səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. O, tələbələrə gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, İAHM tərəfindən təşkil olunan imtahan ödənişli əsaslarla keçirilir. Akademiyada mühasibat uçotu və audit fənnini tədris edən müəllim Nuran Süleymanovanın semestr ərzində tələbələrə qanunvericilik və nəzəri bilikləri praktik yanaşma ilə tədris etməsi onların birbaşa imtahanda iştirak edərək uğurlu nəticə əldə etməsində mühüm rol oynayıb.
Tələbələrimizi təbrik edir və uğurlar arzulayırıq!










