DGKA tələbələri arasında futbol çempionatı keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (TGT) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Akademiyanın tələbələri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol çempionatının final oyunu keçirilib.
13 komandanın iştirakı ilə keçirilən yarışın seçim turlarının yekununda final mərhələsinə vəsiqə qazanmış “Los galacticos” komandası 9-3 hesabı ilə qələbə qazanaraq çempionatın qalibi olub.
Belə ki, yarışda “Xarıbülbül” komandası II yerə, “Legio 230 FC” komandası isə III yerə çıxıblar.
Yarışın sonunda çıxış edən Akademiyanın rəis müavini Anar Süleymanov idmanın gənc nəslin fiziki və mənəvi inkişafındakı rolundan danışaraq Akademiya tələbələrinin bu cür idman yarışlarında iştirakını yüksək qiymətləndirib.
Sonda qaliblər kubok və medallarla təltif olunublar.













