DGKA-da 20 yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 36 il əvvəl Bakıda törədilən bu faciənin tarixindən danışaraq 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində şərəf və qürur mənbəyi olduğunu bildirib, bu hadisələrə əsl siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini qeyd edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsi Zəfərinin 20 Yanvar şəhidləri də daxil olmaqla bütün şəhidlərimizin qanının yerdə qalmadığını nümayiş etdirdiyini vurğulayıb.
Tədbirdə məruzəçi qismində çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova, Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev və Tələbə Gənclər Təşkilatının sədri Osman Müşəyev 20 Yanvar faciəsinin əzmkarlıq və vətənpərvərlik salnaməsi olduğunu, xalqımızın milli məfkurəsinin oyanışının və azadlıq uğrunda mübarizəsinin parlaq nümunəsi kimi daim xatırlanacağını bildiriblər.











