Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında süni intellekt əsaslı kibertəhlükəsizlik tətbiq laboratoriyası istifadəyə verilib

Gömrük Akademiyasında süni intellekt əsaslı kibertəhlükəsizlik tətbiq laboratoriyası istifadəyə verilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Türkiyənin “Crypttech” Kripto şirkəti ilə əməkdaşlıq çərçivəsində “Al-Powered Cybersecurity” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub.
Bu münasibətlə Akademiyada laboratoriyanın açılışı və tərəflər arasında Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Crypttech” Kripto şirkətinin qurucusu və baş direktoru Alper Cem Yılmaz, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov, Akademiyanın əməkdaşları, DGK-nın, həmçinin əlaqədar dövlət və özəl qurumlarının, bir neçə ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov çıxışında informasiya və kibertəhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq süni intellekt texnologiyalarının bu sahədə tətbiqinin strateji əhəmiyyət daşıdığını qeyd edib. O, Akademiyada kibertəhlükəsizlik istiqamətində müasir tədris proqramlarının tətbiq olunduğunu və bu sahədə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini bildirib.
“Crypttech” Kripto şirkətinin qurucusu və baş direktoru Alper Cem Yılmaz çıxış edərək əməkdaşlığa görə təşəkkür edib və 2006-cı ildən yüksək texnologiyalı kibertəhlükəsizlik məhsulları və həllərinin hazırlanması üzrə fəaliyyət göstərən şirkətin fəaliyyətindən bəhs edib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov DGK-da rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən islahatlardan bəhs edərək yeni yaradılan süni intellekt əsaslı kibertəhlükəsizlik laboratoriyasının tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov, eləcə də Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İltimas Məmmədov bu cür laboratoriyaların ölkədə innovasiya ekosisteminin formalaşmasına töhfə verdiyini qeyd edərək Akademiyanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə Akademiyanın və “Crypttech” Kripto şirkətinin fəaliyyətinə dair təqdimatlar da nümayiş olunub.
Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Türkiyənin “Crypttech” Kripto şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Yekunda qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının inzibati binasında yeni istifadəyə verilən süni intellekt əsaslı kibertəhlükəsizlik tətbiq laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olublar.
Qeyd edək ki, Akademiyada yaradılan sayca üçüncü kibertəhklükəsizlik laboratoriyası olan “Al-Powered Cybersecurity” süni intellekt əsaslı texnologiyaların öyrədilməsi, real ssenarilər üzərində tətbiqi və elmi-tədqiqat işlərinin aparılması üçün nəzərdə tutulub. Laboratoriya ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.