Tələbə həyatı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası dövlətçilik ənənələrini, dəyərlərini hər zaman dəstəkləyən, unikal təhsil və təcrübə verməyə çalışan, təhsil alan tələbələri bacarıqlı mütəxəssis, milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət və intellektual Azərbaycan gənci kimi formalaşdırmaq üçün bütün imkanlarını səfərbər edir.
Akademiyada təhsil alan tələbələrin təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində keyfiyyətli nəzəri təhsil almalarını təmin etmək və tələbələrin təhsilə olan marağının daha da artırılması üçün lazımı imkanlar yaradılmaqla yanaşı, onların müxtəlif bilik, idman və yaradıcılıq yarışmalarında iştirakı təmin edilir, gömrük orqanları, yerli məhkəmə və bir sıra digər dövlət orqanlarında işin təşkili ilə tanış olmaq və öyrənmək üçün hərtərəfli şərait yaradılır, respublika və beynəlxalq konfranslarda iştirakı, müxtəlif elmi və praktiki tədqiqatlarının nəticələrinin elmi jurnallarda dərc edilməsi təşkil və təmin edilir. Akademiyada təhsil alan tələbələr həm elmi, həm də yaradıcılıq fəaliyyətində xüsusi fəallıqları ilə seçilirlər.     
Tələbələrin ictimai-sosial-mədəni həyatının zənginləşdirilməsi, bilik və bacarıqlarının inkişafı üçün mühüm işlər həyata keçirilir, onların çoxsaylı layihələrinin reallaşdırılması, müxtəlif tədbirlərin təşkil edilməsi üçün şərait yaradılır və bütün bu layihələrdə tələbələrin fəal iştirakı təmin edilir.
Tələbələrə, həmçinin bir sıra klub və dərnəklərdə birləşərək maraq dairəsinə uyğun fəaliyyətlə məşğul olmaq imkanı yaradılır. Belə ki, Akademiyada keçirilən tədbirlərdə “Yaradıcılıq klubu”nun üzvləri müxtəlif ədəbi-bədii kompozisiyalar hazırlayır, qiraət, rəqs və digər sahələrdə istedadlarını nümayiş etdirirlər.


Tələbə Gənclər Təşkilatı

Dövlət tərəfindən aparılan uğurlu gənclər siyasəti gənclərin yaradıcı şəxsiyyət kimi formalaşması, tələbə-gənclər təşkilatlarında sıx birləşməsi, tələbələrə təhsillə bərabər, ölkəmizin və Akademiyanın ictimai-sosial həyatında, o cümlədən mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməyə, asudə vaxtlarını səmərəli qurmağa və sosiallaşmağa imkan yaradır. Akademiyanın Tələbə Gənclər Təşkilatının üzvləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə sıx əməkdaşlıq edir.


Tələbələrin uğurları
Tələbələrimiz Avropa, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və digər bir ısra ölkələrdə keçirilən tələbə-gənclər forumlarında, beynəlxalq konfrans və tədbirlərdə fəal iştirak edirlər. Tələbələrin müxtəlif layihələrdə, tədbirlərdə işitrakı hər zaman Akademiya tərəfindən dəstəklənir.
 

İstehsalat təcrübəsi
Akademiyanın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçirlər. Ali təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etmələrinin vacibliyi nəzərə alınaraq, buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələr Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, “AtaSığorta” ASC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasında istehsalat təcrübəsinə göndərilirlər.
 

Məzunlarımız
2017/2018-ci tədris ilinin sonunda Akademiya “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisaslarının bakalavriat səviyyəsi üzrə ilk məzunlarının buraxılışını həyata keçirib. Akademiyanın yetişdirdiyi ilk 37 məzundan 14 nəfəri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali məktəblərə qəbul imtahanlarından müvəffəqiyyət qazanaraq ölkənin müxtəlif ali məktəblərinin magistraturasına qəbul olublar. Bir tələbə təqaüd əsasında təhsilini “The University of Pannonia”da, iki tələbə “Corvinus University of Budapest”də, bir tələbə “University of Debrecen”də, bir tələbə İtaliyanın Sapienza Universitetində, bir tələbə isə “Latviya Riga Graduate School of Law”da davam etdirir. Akademiyanın 8 məzunu DGK-nın sədri Səfər Mehdiyevin əmri ilə müsabiqədən kənar gömrük xidmətinə işə qəbul olunub.