Bizlə əlaqə (994 12) 404 22 00

Daxili intizam qaydaları

Dövlət Gömrük Komitəsi Akademiyasının

rəisinin 184/019 nömrəli, 16 may 2014

tarixli əmri ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında Daxili İntizam Qaydaları

 

I.Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında (bundan sonra –Akademiya) Daxili İntizam Qaydaları (bundan sonra – Qaydalar) Akademiyada xidməti intizamın mahiyyətini, Akademiyanın dəyişən (təhsilalan) və daimi (təhsilverən) heyətinin vəzifələrini, habelə həvəsləndirmə tədbirləri və intizam təhbehlərinin tətbiqi qaydalarını və digər məsələləri müəyyən edir.

1.2. Akademiyada intizam daimi (təhsilverən) və dəyişən (təhsilalan) heyət tərəfindən Azərbaycan Respublikasının Konstitutsiyasına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsinə, bu qaydalara və digər qanunvericilik aktlarına riayət etmələrindən, Akademiya rəisinin əmr, sərəncam və tapşırıqları ilə müəyyən edilmiş vəzifələri məsuliyyətlə yerinə yetirmələrindən ibarətdir.

II.Təhsilverənlərin vəzifələri:

 

2.1. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

2.1.1. əməkdaşların öz ixtisası üzrə səmərəli işləməsi üçün müvafiq iş yeri və şəraiti təmin etmək;

2.1.2. əməkdaşların iş şəraitlərinin yaxşılaşdırılması üçün verilən təkliflərə vaxtında baxmaq, onları həyata keçirmək;

2.1.3. əmək və tədris intizamını hər vasitə ilə möhkəmləndirmək;

2.1.4. binalarda istilik sistemi, işıqlanma, ventilyasiya və s. avadanlığın saz vəziyyətdə olmasını təmin etmək;

2.1.5. müəyyən xəstəliklərinin qarşısını alan sanitar-gigiyena şəraitini təmin etmək;

2.1.6. təhsilverən və təhsilalanların təhlükəsizlik texnikası, əmək sanitariya və gigiyenası, yanğından mühafizə qaydalarına riayət etmələrinə daimi nəzarət aparmaq;

2.1.7 əməkdaşlara əmək haqqının və təhsilalanlara adlı təqaüdün müəyyən edilmiş müddətlərdə vermək;

2.1.8. əməyin mənəvi stimullaşdırılmasının rolunun yüksəltmək, əməkdaşları həvəsləndirmək və mükafatlandırmaq, qabaqcıl təcrübənin yayılmasını təmin etmək;

2.1.9. əməkdaşların peşə səviyyələrinin müntəzəm olaraq yüksəldilməsini təmin etmək;

2.1.10. Akademiyada işgüzar yaradıcı şəraiti təmin etmək, təhsilverənlərin və təhsilalanların səmərəli təşəbbüsünü və fəallığını hərtərəfli müdafiə etmək, onların tənqidi qeydlərinə vaxtında baxmaq və görülən tədbirlər haqqında onlara məlumat vermək.

2.1.11. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

2.1.12. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

2.1.13. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

2.1.14. təhsilalanları elmi fəaliyyətə cəlb etmək;

2.1.15. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

2.1.16. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

2.1.17. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

2.1.18. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

2.1.19. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçmək;

2.1.20. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

2.1.21. Akademiyanın daxili intizam qaydalarına riayət etmək;

2.1.22. vicdanla və məsuliyyət hissi ilə işləmək;

2.1.23. tədris və əmək intizamına riayət etmək;

2.1.24. əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əmək gigiyenası, müvafiq təlimat və qaydalarla nəzərdə tutulan yanğın təhlükəsizliyi tələblərini yerinə yetirmək;

2.1.25. iş yerini təmiz və səliqəli saxlamaq;

2.1.26. Akademiyanın əmlakını qorumaq, avadanlıq, cihaz, dəzgah, alət, kitab fondu, inventarlardan və s. səmərəli istifadə etmək;

2.1.27. tədris, elmi və peşə (istehsalat) ixtisasını müntəzəm olaraq artırmaq.

2.1.28. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

3. Təhsilalanların vəzifələri:

 

3.1. Təhsilalanların vəzifələri aşağıdakılardır:

3.1.1. dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və vərdişlərə yiyələnmək;

3.1.2. daimi (təhsilverən) heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

3.1.3. Akademiyanın Nizamnaməsinin tələblərinə riayət etmək;

3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

3.1.5. seçdiyi ixtisas üzrə müntəzəm olaraq biliklərə və praktik vərdişlərə dərindən yiyələnmək;

3.1.6. tədris məşğələlərinə gəlmək, tədris planları və proqramlarında nəzərdə tutulan bütün tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək;

3.1.7. Akademiyanın mülkiyyətini (inventar, tədris vəsaiti, kitablar, avadanlıqlar və s.) qorumaq və ona qayğı ilə yanaşmaq, inzibati rəhbərliyin icazəsi olmadan laboratoriya, tədris və binalardan müxtəlif əşya və avadanlığı aparmamaq;

3.1.8. Akademiya daxilində, ictimai yerlərdə nizam-intizamlı və səliqəli olmaq,

3.1.9. Akademiyanın və tələbə yataqxanasının daxili intizam qaydalarına riayət etmək;

3.1.10. təhsilverən-təhsilalan münasibətlərini “Etik-Davranış Standartları”nın tələblərinə uyğun saxlamaq;

3.1.11. Akademiya daxilində tələbə vəsiqəsini üzərində gəzdirmək.

3.1.12.İmtahan zamanı aşağıdakı şərtlərə əməl etməli:

a).İmtahan zalına cib telefonu və digər rabitə vasitələri, kalkulyator və digər texniki vasitələr, konspekt və ədəbiyyat, məlumat və qeydiyyat kitabçası, çanta gətirmək və onlardan istifadə etmək;

b).Hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;

c).İntizamsızlıq göstərmək: zalda gəzişmək, yerini dəyişmək və ya kiminsə köməyindən istifadə etmək, kiməsə kömək etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq qəti qadağandır.

 

4. İŞ VAXTI

 

4.1. Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən Akademiyada 5 günlük iş həftəsi (həftədə 40 saat) tətbiq edilir. İş gününün müddəti Akademiyanın fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilir.

4.2. Əməkdaşlar iş günü ərzində vəzifələrinin icrası ilə əlaqədar işlər görməlidirlər.

4.3. Dərs cədvəlinin, tədris-metodiki və elmi-tədqiqat işlərinin, fərdi iş planlarının keyfiyyətli yerinə yetirilməsinə kafedra müdirləri, fakültə dekanları nəzarət edir və məsuliyyət daşıyırlar.

4.4. Zərərli əmək şəraitində işləyən əməkdaşlar üçün, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ixtisar edilmiş iş günü (həftədə 35 saat) müəyyən edilir.

4.5. Akademiyada iş günü mövcud əmək qanunvericiliyinə uyğun, iş xüsusiyyətindən asılı olaraq tərtib olunmuş qrafiklə müəyyən edilir və nahar üçün yarım saatlıq fasilə ayrılır. Bayram qabağı günlərdə iş bir saat tez qurtarır.

4.6. Hər bir əməkdaşın vaxtında işə gəlməsi və işdən getməsi Akademiyada müəyyən edilmiş qaydada qeyd olunur.

4.7. Müəllim (əməkdaş) işə gəlmədikdə bölmənin (şöbənin) rəhbəri onun başqa müəllimlə (əməkdaşla) əvəz edilməsi barədə tədbir görməlidir.

4.8. Hər il növbəti məzuniyyətin verilməsi bölmə və ya şöbə rəhbəri ilə birgə razılıq əsasında müəyyən edilir.

4.9. Məzuniyyət qrafiki hər il yanvarın 31-dən gec olmayaraq tərtib edilir və bütün əməkdaşların nəzərinə çatdırılır.

 

 

5.Tədrisin Təşkili

 

5.1. Akademiyada tədris prosesi təsdiq olunmuş tədris planları və proqramlarına uyğun, dərs cədvəli üzrə aparılır.

5.2. Dərs cədvəlləri semestrlər üçün tərtib edilir və semestrin başlanmasına 5 gün qalmış müvafiq dekanlığın lövhəsindən asılır.

5.3. Bir akademik saat 45 dəqiqə müəyyən edilir.Bütün növ dərslər üçün 2 akademik saat, akademik saatlar arası fasilə 5 dəqiqə, fənlər arası fasilə isə 10 dəqiqə müəyyən edilir.

5.4. Dərsin başlanması üçün vurulan zəngdən sonra təhsilalanın auditoriyaya daxil olmasına icazə verilmir.

5.5. Auditoriya, laboratoriya, tədris emalatxanası və kabinetlərdə lazımi tədris vəsaiti və avadanlıqların hazırlıq vəziyyətinə gətirilməsi tədris-köməkçi heyət tərəfindən dərslər başlayanadək və yaxud tənəffüslərdə aparılır.

5.6. Hər akademik qrup üçün ən intizamlı və yaxşı oxuyan təhsilalanlardan dekanlığın təqdimatına əsasən Akademiya rəisinin sərəncamı ilə qrup nümayəndəsi təyin edilir.

5.7. Qrup nümayəndəsi bilavasitə dekana tabedir və öz qrupunda onun sərəncamları və göstərişlərini həyata keçirir.

5.8. Qrup nümayəndəsinin funksiyasına aşağıdakılar daxildir:

5.8.1. təhsilalanların dərslərə davamiyyətinin qeydiyyatını aparmaq;

5.8.2. fakültə dekanına hər gün təhsilalanların dərsə gəlməsi, gecikməsi və onların səbəbləri haqqında məlumat vermək;

5.8.3. mühafizə, laboratoriya və məşğələ dərslərində təhsilalanların tədris intizamının vəziyyətinə, həmçinin tədris avadanlığı və inventarın qorunmasına nəzarət etmək;

5.8.4. dərs cədvəlində edilən dəyişiklik haqqında vaxtında, təhsilalanlara məlumat vermək;

5.8.5. hər gün qrupda növbətçi təyin etmək;

5.8.6. mütəmadi olaraq kurator və tyutorla əlaqə saxlamaq.

5.9. Yuxarıda göstərilən funksiyalar daxilində qrup nümayəndəsinin sərəncamlarının yerinə yetirilməsi, qrupun bütün təhsilalanları üçün məcburidir.

5.10. Hər bir qrupun qəbul edilmiş formada jurnalı olur və fakültə dekanlığında saxlanılır. Hər gün dərslər başlanmazdan əvvəl jurnal qrup nümayəndəsinə dekanlıq tərəfindən verilir, qrup nümayəndəsi orada dərsə gələn və gəlməyən təhsilalanların qeydiyyatını aparmaqla, keçilən dərslərin müəllimlər tərəfindən qeyd olunmasına nəzarət edir və jurnalı dekanlığa qaytarır.

5.11. Təhsilalanlar elmi və siyasi biliklərin təbliğində, həmçinin Akademiyanın ictimai tədbirlərində iştirak edirlər.

5.12. Akademiyada təhsilalanların geyimi sadə, müasir, rahat, dünyəvi təhsilin və dünya mədəniyyətinin ruhuna yad ünsürlərdən kənar, dini və ifratçılıq atributlarından uzaq olmalıdır. Qız tələbələrin baş örtüyü (hicab), oğlan tələbələrin isə saqqal buraxıb dərslərdə iştirakına yol verilmir.

5.13. Təhsilalan üzürlü olaraq dərsə gəlmədiyinin ertəsi günü, fakültə dekanına bu barədə və dərsə gəldiyi gün isə hər hansı dərsdə iştirak etməməsi səbəbi haqqında məlumat təqdim etməlidir. Təhsilalan xəstəlikdən sonra dərsə gəldiyi gün, fakültə dekanına müvafiq müalicə müəssisəsinin müəyyən edilmiş formada arayışını təqdim etməlidir. Uzun sürən xəstəliklə əlaqədar dərsə gəlməyən təhsilalanların gələcək təhsili haqqında qərarın çıxarılması üçün o, və ya valideyni fakültə dekanlığına yazılı məlumat verməli, sonra isə xəstəliyi barədə rəsmi sənəd təqdim etməlidir.

5.14. Tədris və tədris-istehsalat binalarında təmizlik və intizam, Akademiyada bu Qaydalara müvafiq olaraq, özünəxidmət əsasında texniki heyət və təhsilalanlar tərəfindən təmin edilir.

5.15. Tədrisdə qazanılan müvəffəqiyyətə, elmi-tədqiqat işindəki yüksək göstəricilərə və Akademiyanın ictimai həyatında fəal iştirakına görə təhsilalanlar üçün aşağıdakı həvəsləndirmə tədbirləri müəyyən edilir:

5.15.1. təşəkkür;

5.15.2. tərifnamə;

5.15.3. qiymətli hədiyyə;

5.15.4. pul mükafatı.

5.16. Tədris qaydalarının bu qaydaların tələblərinə pozduqlarına görə təhsilalanlara aşağıdakı inzibati tənbehlərdən biri verilə bilər:

5.16.1. xəbərdalıq;

5.16.2. töhmət;

5.16.3. şiddətli töhmət;

5.16.4. Akademiyadan xaric etmək.

5.17.İntizam tənbehi olaraq Akademiyadan xaric edilmə qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

6.Tədris binasında qaydalar

 

6.1. Tədris otaqlarında mebelin yararlı, tədris avadanlığının saz vəziyyətdə olması, iş yeri və auditoriyalarda normal temperatur və lazımi işıqlandırmanın təmini üçün Akademiyanın inzibati-təsərrüfat işləri üzrə rəis müavini məsuliyyət daşıyır.

6.2. Binanın və avadanlığın qorunmasına, onların yanğından təhlükəsizliyinə və sanitar vəziyyətinə cavabdehlik Akademiya rəisinin əmri ilə Akademiyanın inzibati-təsərrüfat heyətinin müəyyən şəxslərinə həvalə olunur.

6.3. Laboratoriya və kabinetlərdə avadanlığın saz vəziyyətdə saxlanılması və tədris vəsaitinin məşğələlər üçün hazırlanmasına laboratoriya müdiri və laborantlar cavabdehdirlər.

6.4. Akademiyanın tədris otaqlarında daxili nizam-intizamı pozmaq, siqarət çəkmək, dərs vaxtı dəhlizlərdə gəzmək, ucadan danışmaq, səs salmaq, etik davranış qaydalarını pozmaq qadağandır.

6.5. Akademiyanın rəhbərliyi üçün aşağıdakı qəbul saatları müəyyən edilir:

6.6. Akademiyanın rəisi:

6.6.1. tələbə və valideynlər üçün –bazar ertəsi və çərşənbə axşamı saat 15:00-dən 17:00-dək;

6.6.2. Akademiya əməkdaşları üçün –cümə günü saat 15:00-dan 17:00-dək.

6.7. Tədris, elm və texnika, təlim-tərbiyə, inzibati-təsərrüfat işlər, beynəlxalq əlaqələr üzrə rəis müavini:

6.7.1. Akademiyanın əməkdaşları, təhsilalanlar və qəbula gələnlər üçün – hər gün saat 14:00-dan 17:00-dək.

6.8. Fakültə dekanları, onların müavinləri:

6.8.1. Akademiyanın əməkdaşları və təhsilalanlar üçün – hər gün.

6.9. Akademiyanın funksional bölmələrində onların iş şəraitinə uyğun olaraq onun rəisi tərəfindən qəbul saatları müəyyən edilir və girişdə bu barədə elan asılır.

6.10. Tədris otaqlarının, həmçinin auditoriya, laboratoriya və kabinetlərin açarları, inzibati-təsərrüfat işlər üzrə rəisin müavinin təqdim etdiyi siyahı üzrə Akademiyanın komendantına verilir.