Bizlə əlaqə (994 12) 404 22 00

Boloniya Prosesi

Boloniya Prosesi

Bu sistemin əsas məqsədi  vahid Avropa ali təhsil məkanı yaratmaq, eləcə də o sistemi dünya miqyasında fəallaşdırmaqdır. Boloniya prosesi kompleks əlaqəli məsələləri əhatə edir, hansı ki, bu məsələlər Avropa ölkələrində biliyin keyfiyyətinin qiymətləndirilməsinin üsullarına və təhsil sisteminin yaxşılaşmasına yönəlmişdir. Boloniya prosesində ali təhsilin üç pilləsi həyata keçirilir:

  1. Bakalavr

  2. Magistr

  3. Doktorantura

 

Boloniya prosesinin aşağıdakı prinsipləri var: 
-hamının başa düşdüyü və qəbul etdiyi təhsil dərəcələrinə (bakalavr, magistr) aparan sistemin yaranması 
-əsasən pilləli təhsil sisteminin tətbiqi
-Avropa Kredit Transfer Sisteminin tətbiqi
-mobilliyin təmin olunması
-təhsildə keyfiyyətin təmin olunması sahəsində Avropa ölkələrinin əməkdaşlığı
-ali təhsildə Avropa modeli
-ali təhsilə ömür boyu yiyələnmək prinsipi. 
-ali təhsil müəssisələrinin və tələbələrin rolunun cəmiyyətdə artırılması. 

-Avropa Ali Təhsil Məkanının Avropa Elmi-Tədqiqat Məkanına inteqrasiyası, yəni 3-cü təhsil pilləsinin (Ph.D) Boloniya təhsil sistemi kimi qəbulu (Berlin, 2003-cü il)

 

Prosesin tarixi

 

«Boloniya prosesi» adı altında başlayan çalışmaların tarixi 1998-ci ilə qədər uzanır. 25 may 1998-ci ildə Sorbonna Universitetinin qurulmasının 800 illik yubileyində «Sorbonna Deklarasiyası» qəbul olunur. 19 iyun 1999-cu ildə isə 29 Avropa ölkəsinin təhsil nazirləri «Boloniya Deklarasiyası»nı imzalayırlar. Boloniya Deklarasiyasında 2010-cu ilə qədər ortaq vahid Avropa Ali Təhsil məkanının (EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri müəyyənləşdirilmişdir. 25 mart 2001-ci il tarixində «Höteborq tələbə Deklarasiyası» imzalanır. Bu mövzudakı ən son iclas isə Praqa (19 may 2001) və Qrasda (04 iyul 2003) olan görüşlərdən sonra 19 sentyabr 2003-cü ildə Berlində keçirilmişdir. Praqa Konfransında 2010-cu ilə qədər Avropa Ali Təhsil məkanının formalaşdırılması müddəaları yenidən gözdən keçirilmişdir. 
2005-ci ildə artıq 45 ölkə prosesə qoşularaq bu ortaq təhsil hədəfini dəstəkləyirdi.


 

Həmin ölkələrin prosesə daxil olma ardıcıllıqları isə belədir:

-1999: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya;

-2001: Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə;

-2003: Albaniya, Andorra, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya və Çernoqoriya, Makedoniya;

-2005: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna.

Boloniya prosesinə üzv olan ölkələr ilə yanaşı bəzi beynəlxalq qurumlar da prosesə qoşulmuşdur. Bunlar:

-Avropa Komissiyası

-Avropa Şurası - məsləhətçi üzv

-Avropa Universitetlər Birliyi - məsləhətçi üzv

-EURASHE - məsləhətçi üzv

-ESIB - Avropa Tələbələri Beynəlxalq Birliyi - məsləhətçi üzv.

-UNECO-JEPES - məsləhətçi üzv

-ENQA - məsləhətçi üzv

-Education İnternational Pan-European Structure - məsləhətçi üzv

-UNİJE - məsləhətçi üzv.

Azərbaycanda Boloniya prosesi

Azərbaycan Respublikası 2005-ci ilin may ayının 19-dan Boloniya prosesinə rəsmi olaraq qoşulmuş və bununla da təhsilimizin Beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılmışdır. Boloniya prosesinin məqsədi Avropa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yüksəltmək, tələbə və müəllimlərin mobilliyini yüksəltməkdir.

Dünyanın inkişaf etmiş ölkələrində bu sistem uzun illərdir ki, tətbiq olunur və sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Çünki bu sistem tələbəyə yüksək səviyyədə biliklər əldə etməyi və yüksək hazırlıqlı mütəxəssis kimi yetişməyi nəzərdə tutur.

Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin qarşısında, bu sistemin tələblərinə uyğun olan müvafiq vəzifələr qoyulmuşdur. Bunlardan ən önəmlisi isə təhsilin kredit sisteminə keçilməsidir ki, onun da aşağıdakı üstünlükləri vardır:

- Boloniya prosesinə qoşulmuş dövlətlər tərəfindən Azərbaycanın kredit sistemi ilə təhsil alan ali məktəblərinin diplomunun tanınması;
- hər bir tələbənin bu sistemlə mütəxəssis hazırlığını həyata keçirən istənilən xarici və yerli təhsil ocaqlarında təhsilini davam etdirmək hüququ;
- hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
- tələbənin fənn və müəllim seçimində müstəqilliyi;
- tədris prosesinə məsləhətçilərin (tyütor) cəlb olunması və onların hər tələbəyə təhsil alma prosesində köməkliyi;
- tədris prosesinin bütün lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;
- tədris müəssisəsin normativdə nəzərdə tutulmuş müddətdən tez və gec bitirmək imkanını və s. göstərmək olar.