Bizlə əlaqə (994 12) 404 22 00

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tələbələri təbrik etdi

2014-09-13

Hörmətli müdavim 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına daxil olmağınız və bu müasir təhsil müəssisəsinin ilk müdavimi adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Danılmaz faktdır ki, bu gün müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf yolu ilə inamla irəliləyir. Gömrük xidmətini hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirən xalqımızın ümummilli lideri Heydər Əliyev bu sahənin inkişafı üçün əsas şərtlərdən birinin də məhz kadr hazırlığı olduğunu tövsiyə etmişdir. 

Respublikamızın ilk peşəkar gömrük kadrlarını hazırlayacaq olan Dövlət 

Gömrük Komitəsinin Akademiyası müasir tələblərə cavab verən bir ali təhsil ocağı kimi sizlərin peşə biliklərinin daha dərindən mənimsənilməsi, nəzəri və praktiki vərdişlərin aşılanması, təlim-tərbiyə, xüsusilə də siz gənclərin iqtisadiyyat və hüquqşünaslıq sahəsində yüksək ixtisasa yiyələnməyinizdə müstəsna rol oynayacaqdır. Məhz bu amilləri nəzərə alaraq, hər biriniz müdavim adının məsuliyyətini dərk etməli, tədris prosesinə intizamla yanaşmalı, biliklərinizin artırılması üçün daima axtarışda olmalı, kollektivlə mehriban davranmalı, səmimi münasibətlər qurmalı, tədris, təlim və tərbiyə ənənələrinə sadiq qalmalısınız.İnanıram ki, Dövlət Gömrük Komitəsinin Akademiyası müstəqil Azərbaycan Respublikası üçün bundan sonra da yüksək peşə hazırlığına malik, sağlam və əqidəli, bacarıqlı, milli dövlətçiliyimizə sadiq kadrlar yetişdirəcəkdir.Mən Sizi Dövlət Gömrük Komitəsinin Akademiyasına daxil olmağınız münasibətilə bir daha təbrik edir, həyatınızın bu yeni mərhələsində yüksək təfəkkürlü, dərin bilikli, əməksevər, vətənə, millətə yararlı kadr kimi inkişafınızda uğurlar diləyir və bu işdə Akademiyanın bütün professor-müəllim heyətinə müvəffəqiyyətlər arzulayıram. 

Hörmətlə 

 Aydın Əliyev

 Dövlət Gömrük Komitəsinin sədri,

gömrük xidməti general– leytenantı