DGKA | Gömrük Akademiyasında Elmi Şuranın iclası keçirilib




Gömrük Akademiyasında Elmi Şuranın iclası keçirilib

2020-09-11 10:36

Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi Şurasının 2020/2021-ci tədris ilinin başlanması ilə bağlı bu tədris ili üzrə ilk iclası keçirilib. Elmi Şuranın gündəliyinə 2020/2021-ci tədris ilinə hazırlıq, yeni tədris planlarının müzakirəsi və cari məsələlər daxil edilib.

Akademiyanın rəisi, Elmi Şuranın sədri Qulu Novruzov iclası açaraq pandemiya dövründə dövlətimiz tərəfindən görülən mühüm işlərə nəzər salıb. Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması naminə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən söz açıb. Bildirib ki, dövlət tərəfindən vətəndaşların pandemiyadan az zərərlə çıxması üçün zəruri tədbirlər görülüb. Dövlət Gömrük Komitəsinin rəhbərliyinin dövlət başçısı tərəfindən aparılan işlərə dəstəyini vurğulayan Qulu Novruzov Akademiyanın bu istiqamətdə fəaliyyətindən söz açıb. Qulu Novruzov keçən tədris ilinin ikinci semestrində tədrisin onlayn təşkil olunmasından danışıb. Akademiya rəisi tədrislə yanaşı, imtahanların, buraxılış işlərinin müdafiəsinin onlayn həyata keçirildiyini diqqətə çatdırıb. O, deyib ki, pandemiya dövründə tədrisin onlayn təşkilinə görə Akademiya respublikada ön yerlərdən birini tutub. Akademiyada buraxılış işlərinin müdafiəsi – dövlət attestasiyasının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Akademiyanın sözügedən dövrdə həyata keçirdiyi “Pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemləri və imkanları” adlı layihədən bəhs edərək, bu layihənin ölkəmizdə ilk dəfə olaraq Akademiya tərəfindən reallaşdırıldığını bildirib. 

Qulu Novruzov xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq 2020/2021-ci tədris ilinə onlayn başlanılacağını bildirib. Birinci kurs tələbələrinin oktyabrın 1-dən əyani tədrisə cəlb olunacağını vurğulayan Akademiya rəisi sentyabrın 15-də ikinci və yuxarı kurs tələbələrinin onlayn dərslərinin təşkilindən söz açıb. Qulu Novruzov Elmi Şuranın üzvlərini, Akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

İclasda Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov 2020/2021-ci tədris ili üzrə yeni tədris planları barədə məruzə edib. Tədris metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov həm onlayn, həm də ənənəvi tədrisin təşkili nəzərə alınaraq, tədris planları, dərs bölgüsü, fənləri tədris edəcək müəllimlər və dərs cədvəllərinin hazırlığı haqqında məlumat verib. Çıxışçılar auditoriyalarda sosial məsafə gözlənilməklə, Akademiyada əyani tədrisin təşkil olunacağını, həmçinin onlayn təşkil olunacaq dərslərin normal dərs cədvəlinə tam uyğunlaşdırıldığını bildiriblər.

Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı “Pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemləri və imkanları” adlı layihə barədə Şura üzvlərinə məlumat verib. Sözügedən layihənin Akademiyanın Elmi Şurasının 1 iyun 2020-ci il tarixli onlayn iclasının qərarı ilə pandemiya şəraitində respublikamızda məsafədən təhsil prosesində problemlərin və imkanların öyrənilməsi məqsədi ilə araşdırma layihəsi olaraq həyata keçirildiyini qeyd edib.  

Sonda gündəlikdə duran cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi