DGKA | Gömrük Akademiyasının kitabxanası onlayn vebinarda iştirak edib




Gömrük Akademiyasının kitabxanası onlayn vebinarda iştirak edib

2020-05-07 15:06

Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə keçirilən “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinarda iştirak edib. Onlayn vebinarda Gömrük Akademiyası ilə yanaşı, bir sıra digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri və mütəxəssisləri də iştirak ediblər.

Tədbirdə dünyada hökm sürən pandemiya dövründə ali təhsil müəssisələrində həyata keçirilən distant təhsilin informasiya resurs təminatı, oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlər, beynəlxalq məlumat bazaları ilə iş, elektron sənəd mübadiləsi, müəlliflik hüquqlarının yaratdığı çətinliklər və sosial şəbəkələrdə universitetlərin informasiya xidmətləri ilə bağlı paylaşımlarının əhəmiyyətindən bəhs edilib.

Gömrük Akademiyasının kitabxanasının əməkdaşı Aysel Cəfərzadə pandemiya dövründə Akademiyada onlayn təhsilə keçid prosesi ilə bağlı həyata keçirilmiş tədbirlər, Akademiyanın kitabxanasının fəaliyyəti, təhsilalanların, həmçinin professor-müəllim heyətinin informasiya tələbatını ödəmək üçün müxtəlif dillərdə təqdim edilən elektron resurslar və oxucu sorğularının cavablandırılması istiqamətində görülən tədbirlər barəsində məlumat verib.  

İctimaiyyətlə əlaqələr şöbəsi