DGKA | Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib




Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

2020-02-25 17:35

Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının Azərbaycan tarixinin qan yaddaşına çevrildiyini bildirib. Azərbaycanlıların zaman-zaman öz dədə-baba yurdlarından deportasiya olunduğunu xatırladan Akademiya rəisi vurğulayıb ki, bu soyqırım təkcə bir gecədə baş verən cinayət deyil, 100 ildən artıq tarixi əhatə edən dövrdə azərbaycanlılara qarşı başladılmış insanlıqdan uzaq ideologiyanın davamı idi.

Xocalı soyqırımının beynəlxalq aləmə tanıdılması ilə bağlı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ciddi addımlar atılmağa başlandığını deyən Qulu Novruzov 26 fevralın Xocalı soyqırımının ildönümü kimi qeyd olunduğunu və bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər keçirildiyini diqqətə çatdırıb.

Qulu Novruzov Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini, Azərbaycanın ədalətli mövqeyini, Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpağı olduğunu tarixi faktlarla bir daha dünya ictimaiyyətinə çatdırdığını vurğulayıb.

Akademiya rəisi bu istiqamətdə I vitse prezident Mehriban xanım Əliyevanın böyük işlər gördüyünü, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif xarici dillərdə çoxsaylı nəşrlərin hazırlanıb çap edildiyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının aparıldığını xatırladan Qulu Novruzov Xocalı faciəsinin həqiqətlərinin beynəlxalq miqyasda yayılması istiqamətində görülən işləri qeyd edib.

Dövlətimiz tərəfindən bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri "insanlığa qarşı kütləvi cinayət", eləcə də dünyanın bir çox ölkəsinin parlamentinin, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanının Xocalı qırğınını soyqırım aktı kimi tanıdığını bildirib.

Qulu Novruzov bu işlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib, gənclərə bu məsələnin mahiyyətinə varmağın vacibliyini bildirib.

Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Boran Əzizov çıxışında Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan söz açıb. Həmin dövrü tarixi aspektlərdən təhlil edən natiq bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.

Tədbirdə Xocalı soyqırımına həsr edilmiş video çarx nümayiş olunub.

Tədbir Akademiyanın tələbələrinin ifasında Xocalıya həsr edilmiş ədəbi-bədii kompozisiya ilə sona çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi