DGKA | Gömrük Akademiyasında Beynəlxalq Qış məktəbi başa çatıb




Gömrük Akademiyasında Beynəlxalq Qış məktəbi başa çatıb

2020-02-12 18:34

Fevralın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə təşkil olunan IV Beynəlxalq Qış məktəbinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, Akademiyanın əməkdaşları, Qış məktəbinin təlimçiləri, yerli və xarici universitetləri təmsil edən müəllim-tələbə heyəti iştirak ediblər.

Bağlanış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayev Qış məktəbinin uğurla başa çatdığını bildirib. O, həm təlimlərin keçirilməsi, həm ünsiyyət baxımından, həm də tədbirin proqramı çərçivəsində təşkil olunan asudə vaxtın bölüşdürülməsi baxımından 8 günlük təlimlərin çox məhsuldar olduğunu deyib. İqbal Babayev Qış məktəbinin iştirakçılar arasında ünsiyyətlə yanaşı, ali təhsil müəssisələri arasında  təcrübə mübadiləsinin həyata keçirilməsində əhəmiyyətini vurğulayıb. O, cəmiyyət üçün yararlı olan bütün dəyərlərin bölüşdürülməsinin vacib olduğunu diqqətə çatdırıb. Layihənin davamlı olmasının vacibliyini deyən İqbal Babayev iştirakçılara uğurlar arzulayıb.

Akademiyanın rəisi Qulu Novruzov beynəlxalq əməkdaşlığa mühüm önəm verildiyini və prioritet olduğunu bildirib. İNCU-nun Regional ofisinin məhz Akademiyada yerləşdiyini diqqətə çatdıran Qulu Novruzov deyib ki, gömrük xidməti əməkdaşları beynəlxalq səviyyədə biliklərə sahib olmalıdırlar. O, Qış məktəbinin müxtəlif ölkələrin tələbələri arasında fikir mübadiləsi aparmaq, tələbələrin digər ölkələrin ali məktəblərinin tələbələri ilə ünsiyyət və əlaqələrinin yaradılması üçün önəmini qeyd edib. Akademiya rəisi uğurlu əməkdaşlıq üçün İNCU-nun Katibliyinə təşəkkür edib.

İNCU-nun Katibliyinin rəhbəri Mixail Kaşubski Qış məktəbinin təşkilində göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyinə təşəkkür edib. Bu dəfəki Qış məktəbinin yeni formatda keçirildiyini, daha maraqlı təşkil olunduğunu deyən Mixail Kaşubski iştirakçıların qruplar şəklində öz layihələrini təqdim etdiklərini qeyd edib. Qış məktəbində iştirak edən ali məktəblər arasında beynəlxalq əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Çıxış edən təlimçilər Qış məktəbinin maraqlı və yaddaqalan keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyinə təşəkkür ediblər. Qonaqlar ölkəmizdə olmaqdan, Akademiya ilə tanışlıqdan məmnunluq ifadə edib, bu tədbirin gələcək əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Xatırladaq ki. 4-12 fevral tarixlərini əhatə edən Qış məktəbində Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), həmçinin Rusiya Gömrük Akademiyası, Samara Dövlət Texniki Universiteti, Özbəkistan Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutu, Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun tələbə və əməkdaşlardan ibarət nümayəndələr iştirak ediblər.

Təlimlər zamanı Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun dosenti Qalina Fedotova “Tarif təsnifatı və mənşə üstünlükləri qaydaları”, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski “Akademik Tədqiqat və Yazı əsasları”, Rusiya Federasiyasının Samara Dövlət Texniki Universitetinin dosenti Dariya Ştrikova “Gömrük xidmətlərinin keyfiyyəti və gömrükdə marketinq” mövzusunda məruzələrlə çıxış ediblər.

Eyni zamanda, Qış məktəbinin proqramı çərçivəsində iştirakçılar Azərbaycanın müxtəlif tarixi-memarlıq abidələrini ziyarət ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi