DGKA | Gömrük Akademiyasında imtahan sessiyası başa çatıb




Gömrük Akademiyasında imtahan sessiyası başa çatıb

2020-01-31 17:41

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başa çatıb. İmtahan sessiyası 29 dekabr 2019-cu il tarixdən 31 yanvar 2020-ci il tarixinədək olan müddəti əhatə edib.

Akademiyanın rəisi Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb. Həmçinin, sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelyasiya komissiyası da fəaliyyət göstərir. Hər bir imtahan üzrə nəticələr elan edildikdən sonra üç iş günü ərzində tələbələrin apelyasiya şikayətləri qəbul olunur, sonrakı 1 həftə ərzində şikayətçi tələbələrin və fənn müəlliminin iştirakı ilə şikayətlərə baxılır.

İmtahan sessiyasında bakalavr səviyyəsində 3 ixtisas üzrə olmaqla, bütövlükdə 11 akademik qrupda 56 fəndən imtahan keçirilib. Bundan əlavə, magistratura səviyyəsində 2 ixtisas üzrə 2 akademik qrupda 12 fəndən imtahan təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi