DGKA | Gömrük Akademiyasında növbəti təlimlər başlayıb




Gömrük Akademiyasında növbəti təlimlər başlayıb

2019-11-06 14:51

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və Ərazi Baş Gömrük İdarələrinin Əməliyyat və Təhqiqat İdarəsi və müvafiq şöbələrinin əməkdaşları üçün ixtisasartırma təlimləri keçirilir. Təlimlər əməkdaşların peşə və ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə təşkil olunur.
Noyabrın 6-da sözügedən ixtisasartırma təlimlərinin dinləyiciləri ilə görüşən Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov bildirib ki, Akademiya Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi ilə əməkdaşlıqda artıq ikinci qrupu qəbul edir. Təlimlərin təşkili ilə bağlı məlumat verən Akademiya rəisi təlimlərin İdarənin müasir tələblərinə və ehtiyaclarına cavab verəcəyini bildirib. Təlim proqramının məzmunundan söz açan Qulu Novruzov proqramın  intensiv və zəngin tərtib olunduğunu deyib. O, proqramın məzmununun iş prosesində zəruri olan mövzuları əhatə etdiyini bildirib, lazım olan fərqli bacarıq və səriştələrin aşılanmasının vacibliyini önə çəkib. “İntensiv islahatlardan doğan ehtiyaclara uyğun olaraq, fərqli gömrük xidməti üçün fərqli bacarıqlar zəruridir” – deyə, Akademiya rəisi qeyd edib. Qulu Novruzov gömrük əməkdaşlarının təlimləri müvəffəqiyyətlə bitirməsinin Akademiya üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb. O, Akademiyada bu təlimlərin təşkilinin həm də tələbələr üçün stimul olduğunu deyib.
Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov Akademiyanın professor-müəllim heyətinə şəxsi heyətin bilik səviyyəsinin artırılmasında fəaliyyətə görə təşəkkür edib. İdarənin fəaliyyət istiqamətləri, aparılan islahatlar və struktur dəyişikliklərindən söz açan Baş İdarə rəisi mükəmməl hüquqi baza, imkan və şəraitin yaradıldığını deyib. Təlimlərin əhəmiyyətinə toxunan Məsum Rəsulov əməkdaşların bilik səviyyəsinin və bacarıqların artırılmasının vacibliyini vurğulayıb.
Sonra növbəti təlimlər başlayıb.  
Qeyd edək ki, Akademiyada Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və Ərazi Baş Gömrük İdarələrinin Əməliyyat və Təhqiqat İdarəsi (şöbələrinin) əməkdaşları üçün ixtisasartırma təlimləri dekabrın 4-dək davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi