DGKA | Gömrük əməkdaşları üçün Akademiyada ixtisasartırma təlimləri davam edir




Gömrük əməkdaşları üçün Akademiyada ixtisasartırma təlimləri davam edir

2019-10-09 17:47

Oktyabrın 9-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında təşkil olunan gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma təlimlərinin növbəti qrupu ilə görüş olub. Akademiya rəisi Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq, onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə Akademiyada gömrük xidmətinə yeni qəbul olunmuş əməkdaşlar üçün ilkin hazırlıq təlimləri və gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimlərinin təşkilindən söz açan Qulu Novruzov ötən ilin dekabrından başlayaraq artıq 6-cı qrupun qəbul olunduğunu diqqətə çatdırıb. O, bir aylıq təlimlərdə iştirak edən hazırkı qrupda müxtəlif gömrük orqanında çalışan 36 əməkdaşın iştirak etdiyini qeyd edib. Qulu Novruzov yeni bacarıq və biliklərin zərurətindən danışaraq, dünyada gömrük xidmətində olan intensiv yeniliklərin tətbiqinin vacib olduğunu nəzərə çatdırıb. O, təlimlərin müvafiq təlim proqramı çərçivəsində müxtəlif zəruri mövzular üzrə aparıldığını bildirib. “Hədəf gömrük orqanlarında aparılan islahatların ruhuna uyğun olaraq əməkdaşların formalaşdırılması, həmçinin gömrük xidməti əməkdaşlarının peşə və səriştə baxımından inkişaf etdirilməsidir və bu missiyanın daşıyıcısı Gömrük Akademiyasıdır”- deyə Akademiya rəisi vurğulayıb.
Bu görüşün təlimlərin iştirakçıları ilə ənənəvi olaraq keçirildiyini bildirən Qulu Novruzov təlimlərdə tədrisə Akademiya əməkdaşları ilə yanaşı, gömrük xidməti orqanlarında uzun müddət çalışan, böyük təcrübəyə malik peşəkar mütəxəssislərin də cəlb olunduğunu vurğulayıb.  
Akademiya rəisi təlim iştirakçılarına uğurlar arzulayıb, təlimin faydalı və səmərəli olacağına əminliyini ifadə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi