DGKA | Gömrük əməkdaşlarının ixtisasartırma təlimlərinin növbəti qiymətləndirmə mərhələsi keçirilib




Gömrük əməkdaşlarının ixtisasartırma təlimlərinin növbəti qiymətləndirmə mərhələsi keçirilib

2019-10-05 00:32

Oktyabrın 4-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 16 sentyabr - 4 oktyabr tarixlərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və Ərazi Baş Gömrük İdarələrinin Əməliyyat və Təhqiqat İdarələrinin və müvafiq şöbələrinin əməkdaşları üçün ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, təlimlərdə iştirak edən gömrük xidməti əməkdaşları, o cümlədən təlimlər zamanı tədrisi həyata keçirən Akademiyanın professor-müəllim heyəti iştirak ediblər.

Təlimlərdə tədris prosesi işgüzar oyunlar, həmçinin tədrisin müasir üsullarından istifadə etməklə keçirilib. Tədris prosesi interaktiv metodlardan istifadə etməklə həyata keçirilib, təlimlərin dinləyiciləri lazımi metodiki materiallarla təmin ediliblər. Dinləyicilərin əsas etibarı ilə praktiki fəaliyyətində zəruri olan peşə vərdişlərinin aşılanması məqsədi ilə müəyyən materiallar verilib.  Tədris prosesində Akademiyanın təlimçilərindən başqa, Əməliyyat-İstintaq Baş İdarəsinin müavinləri, şöbə və bölmə rəisləri iştirak ediblər.

Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov təlimin məqsədi, məramı, gözləntiləri barədə danışaraq, konkret bacarıqlar aşılamaq məqsədi daşıdığını bildirib. Gömrük xidməti əməkdaşlarının peşəkar hazırlığının, peşə səviyyəsinin yüksəldilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müvafiq sərəncam verildiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, sual bazası proqram təminatı əsasında serverə yerləşdirilib. “Sualları əməkdaş deyil, sistem özü paylayir"- deyə Akademiya rəisi vurğulayıb. Qulu Novruzov dinləyicilərə  imtahanlarda  uğurlar arzulayıb.

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib ki, 20 günlük təlim bilik səviyyəsinin artırılması məqsədilə keçirilib. “Bizim fəaliyyətimiz elə bir sahədir ki, burda biliklə bərabər peşə hazırlığı, vərdişlər tələb olunur. Ona görə də əməliyyat axtarış fəaliyyətində olan əməkdaşlarımızın peşə hazırlığı mühüm əhəmiyyət kəsb edir”-deyə İdarə rəisi bildirib.

Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi