DGKA | Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb




Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb

2019-09-24 12:54

Sentyabrın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasında B-Scan avadanlığının rentgen görüntülərinin dəqiq və düzgün oxunması ilə bağlı ixtisasartırma təlimi başlayıb. Üç günlük təlimi Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professoru Dimitriy Afonin aparır.

Akademiyanın rəisi Qulu Novruzov qonağı salamlayaraq onu bu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov Azərbaycanda son bir ildən artıq müddət ərzində gömrük xidmətində aparılan intensiv islahatlara toxunaraq, bu islahatlarda prioritet istiqamətlərdən biri kimi gömrükçülərin peşə hazırlığının artırılmasının olduğunu bildirib.

Akademiya rəisi son bir il ərzində gömrük-keçid məntəqələrininən son texnoloji avadanlıqlarla təmin olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb. Qulu Novruzovun sözlərinə görə, professor Dimitriy Afoninin səfəri Rusiya Federasiyasının Gömrük Akademiyası ilə Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsindən sonra atılan ilk addımdır. Qulu Novruzov əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professoru Dimitriy Afonin hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrindən, eləcə də keçirilən təlimin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, təlim müddətində "Gömrük nəzarəti məqsədi üçün istifadə edilən skaynerlərin təyinatı və xüsusiyyətləri", "Skaynerlərin işə hazırlanması", "Fiziki şəxslərin skan edilməsinin həyata keçirilməsi", "Kontur" skaynerinin proqram vasitələrindən istifadə etməklə görüntülərinin analizi" və digər mövzularda məruzələr təqdim olunacaq. Bununla yanaşı, təqdim olunan mövzular üzrə praktiki məşğələlər keçiriləcək.

Təlimin sonunda yekun attestasiyanın və test formasında imtahanın keçirilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi