DGKA | Gömrük Akademiyasında “Əsrin müqaviləsi - Gələcəyə baxış” mövzusunda seminar keçirilib




Gömrük Akademiyasında “Əsrin müqaviləsi - Gələcəyə baxış” mövzusunda seminar keçirilib

2019-09-20 17:19

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə həsr olunmuş “Əsrin müqaviləsi - Gələcəyə baxış” mövzusunda elmi-praktiki seminar keçirilib.
Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov dünyanın tanınmış neft şirkətləri və Dövlət Neft Şirkəti (SOCAR) arasında 1994-cü il sentyabrın 20-də imzalanan müqavilənin tarixi əhəmiyyətindən söz açıb. O, bildirib ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər siyasi əhəmiyyəti də çox böyükdür. Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması dönüş nöqtəsini yarada bilib və Azərbaycan istər daxildə, istərsə də xaricdə öz sözünü deməyə başlayıb. Azərbaycanın hazırda regionda iqtisadiyyatı güclü, qüdrətli ölkə olduğunu deyən şöbə rəisi Ümummilli liderin siyasi yolunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Seminarda Akademiyanın Tələbə Gənclər Təşkilatının (TGT) sədri, “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Orxan Yusifovun “Əsrin müqaviləsi ilə sabaha”, “İqtisadiyyat” ixtisası üzrə I kurs tələbəsi Afaq Abdullayevanın “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Əsrin müqaviləsi” mövzusunda məruzələri dinlənilib. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yer tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi