DGKA | Gömrük Akademiyasının rəisi Qulu Novruzov: “Yüksək səviyyəli mütəxəssislərin hazırlanması Akademiya qarşısında vəzifə olaraq qoyulub”




Gömrük Akademiyasının rəisi Qulu Novruzov: “Yüksək səviyyəli mütəxəssislərin hazırlanması Akademiya qarşısında vəzifə olaraq qoyulub”

2019-09-20 11:11

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyada “Bilik günü”nə həsr olunmuş tədbirdə çıxışında bildirib ki, Azərbaycanda təhsilə dövlət qayğısı, dövlətin dəstəyi, diqqəti Ulu Öndərdən qalmış bir mirasdır və bu miras çox etibarlı əllərdədir.  Akademiya rəisinin sözlərinə görə, Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət, qayğı, təhsil fəaliyyətinin dövlətin prioritet fəaliyyət sahələrindən biri kimi elan olunmasının daha bir nümunəsi də onunla bağlıdır ki, 2012-ci ildə Prezidentin müvafiq sərəncamı ilə gömrük sahəsində peşəkar kadrların hazırlanması ilə bağlı Dövlət Gömrük Komitəsinin Akademiyası təsis olunub.

Qulu Novruzov Azərbaycanda hər sahədə olduğu kimi, gömrük sahəsində də çox intensiv, zamanın tələbinə uyğun olaraq çoxsaylı islahatların həyata keçirildiyini vurğulayaraq deyib ki, Prezident İlham Əliyevin ölkənin “Qara qızılı insan kapitalına çevirək!” strategiyasını rəhbər tutaraq, insan kapitalının yetişdirilməsi, ən mütərəqqi, yüksək səviyyəli mütəxəssislərin hazırlanması prioritet sahə olaraq qalır. “Bu istiqamətdə aparılan islahatların gözləntilərinə, ruhuna uyğun olaraq, yeni bacarıqlara sahib olan yüksək səviyyəli mütəxəssislərin hazırlanması Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Akademiya qarşısında daha bir vəzifə olaraq qoyulub. Bu vəzifəni yerinə yetirmək üçün Akademiyanın kollektivi, pedaqoji heyəti, əməkdaşları, inzibati heyəti əllərindən gələni edirlər. Gömrük Akademiyası ötən dövr ərzində kifayət qədər inkişaf yolu keçərək təkmilləşib. Dövlət Gömrük Komitəsinin Akademiyası bu gün Azərbaycanın ən sayılıb-seçilən, ən inkişaf etmiş, ən mütərəqqi ali məktəbləri ilə müqayisə oluna bilən ali təhsil müəssisəsidir” – deyə Akademiya rəisi qeyd edib.

İctimaiyyətlə əlaqələr şöbəsi