Akademiyada gömrük əməkdaşları üçün ixtisasartırma təlimləri davam edir

2019-09-04 18:50

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında təşkil olunan gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma təlimlərinin növbəti qrupu ilə görüş olub. Akademiya rəisi Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq, onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. O, bu qrupda 6 regional və 3 ixtisaslaşdırılmış gömrük orqanında çalışan 40 əməkdaşın təmsil olunduğunu qeyd edib.
Akademiya rəisi 2019-cu ilin birinci yarısında 120-dək gömrük əməkdaşının sözügedən təlimlərin iştirakçısı olduğunu xatırladıb. Bununla yanaşı, ötən ilin dekabrından başlayaraq, xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təlimlərdə 250-dək dinləyicinin iştirak etdiyini sözlərinə əlavə edib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə ixtisasartırma təlimlərinin  yeni, tam fərqli, gömrük xidmətində aparılan islahatlara uyğun təşkil olunduğunu diqqətə çatdırıb.
Bu görüşün təlimlərin iştirakçıları ilə ənənəvi olaraq keçirildiyini bildirən Akademiya rəisi təlimlərdə tədris olunan mövzuların məzmununun gömrük xidməti əməkdaşları üçün zəruri olan bilik və bacarıqların aşılanmasına yönəldiyini deyib. Bununla yanaşı, Qulu Novruzov texniki infrastrukturun yaradıldığını da qeyd edib. O, həmçinin təlimlərə yüksək ixtisaslı, gömrük xidməti orqanlarında geniş təcrübəyə malik peşəkar müəllim heyətinin cəlb olunduğunu da vurğulayıb.  
Akademiya rəisi təlimlərin iştirakçılarına uğurlar arzulayıb, təlimin onlar üçün faydalı, uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi