Dövlət Gömrük Komitəsinin Akademiyasında “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

2019-09-04 14:28

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında “21 sentyabr – Beynəlxalq Sülh Günü” münasibətilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib. Tədbiri Akademiyanın rəis müavini Şəmsəddin Abışov açaraq, bu günün tarixindən və mahiyyətindən danışıb. Akademiyanın rəis müavini müasir dünyada bəşəriyyətin sülhə ehtiyacının daha da artdığını bildirib. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sülhsevər siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan natiq ölkəmizdə sabitliyin və əmin-amanlığın bərqərar olduğunu qeyd edib.
Şəmsəddin Abışov Azərbaycan xalqının hər zaman sülhpərvər, xoşniyyət olduğunu deyib. Azərbaycanın zaman-zaman təcavüzkar Ermənistanın işğalına məruz qaldığını xatırladaraq qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazimizin 20 faizi işğal altındadır. O, bildirib ki, dövlətimiz torpaqlarımızın sülh yolu ilə azad olunması üçün zəruri tədbirlər görür.  
Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı “Beynəlxalq Sülh Gününün yaranma tarixi, “Sülh aylığı”nın mahiyyəti”, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova “Münaqişə və müharibə zonalarında yaşayan uşaqların sülh arzusu” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının səmərəli təmin olunması ilk növbədə, məhz sülh və əmin-amanlığın bərqərar olmasından asılıdır. Çünki münaqişə və müharibələr insan həyatına, insanların ən ali hüququna – yaşamaq hüququna birbaşa təhdiddir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ülvi niyyəti kimi təsbit olunduğu vurğulanıb.
Tədbirin sonunda maraqlı müzakirə aparılıb, fikirlər səsləndirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi