Gömrük Akademiyasının əməkdaşları AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olublar

2019-08-30 15:31

Avqustun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin "İxtisas fənləri" kafedrasının müdiri i.ü.f.d. Elvin Əlirzayev və Akademiyanın kitabxanaçısı Aysel Cəfərzadə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ilə görüşüb.
Görüşdə Dövlət Gömrük Komitəsi və  Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa dair imzalanmış anlaşma memorandumuna əsasən Mərkəzi Elmi Kitabxana və Dövlət Gömrük Komitəsinın Akademiyası arasında yaranacaq əlaqələrdən söz açılıb. İlkin olaraq,  Akademiyanın və Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb və DGKA-nın tələbə və müəllim heyətinin Mərkəzi Elmi Kitabxananın informasiya resurslarından istifadəsinə dair yaradılacaq şəraitdən və imtiyazlardan bəhs olunub. Gömrük işi ilə bağlı Mərkəzi Elmi Kitabxana  və DGKA-nın kitabxanası ilə informasiya mübadiləsinin aparılması, tədris prosesində ehtiyac olan ədəbiyyatların təmin edilməsində köməklik göstərilməsi, DGKA-nın tələbə heyəti üçün Vikipediya-da informasiya ilə işləmə bacarığına yiyələnməsi üçün təlimlərin təşkil olunması  və Akademiyanın təşkil etdiyi konfrans, seminar və digər tədbirlərdə MEK-ın əməkdaşlığının istiqamətləri də müzakirə olunub. Leyla İmanova Mərkəzi Elmi Kitabxananın Dövlət Gömrük Komitəsinin Akademiyası ilə əməkdaşlığa maraqlı olduğunu və DGKA-nın müəllim və tələbə heyətinin MEK-ın  informasiya resurslarından istifadəsinə dair lazım olan dəstəyi verə biləcəklərini qeyd edib.
Sonda Akademiyanın əməkdaşları səmimi qəbula görə Leyla İmanovaya təşəkkür edərək qarşılıqlı əməkdaşlıqdan məmnun qaldıqlarını bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi