DGKA | Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar




"Könüllü gömrükçü"lər Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

2019-06-25 16:17

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, startap layihələri ilə bağlı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf etdirmək məqsədilə Komitə sədri tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" sərəncam imzalanıb və Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi yaradılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ASAN Könüllülük məktəbinin "Master 2" pilləsi çərçivəsində təşkil olunan müsahibələrin iştirakçısı olan və Dövlət Gömrük Komitəsində təcrübədə iştirak etmək istəyən 58 nəfər könüllünün Komitənin aparatının, eyni zamanda DGK-nın strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin struktur bölmələrində, habelə Komitənin digər qurumlarında könüllü fəaliyyət göstərmələri də nəzərdə tutulur.
Dövlət Gömrük Komitəsinin Akademiyasından da 63 nəfər tələbə könüllülük fəaliyyətinə cəlb olunub. Ümumilikdə, gömrük orqanlarında ilkin olaraq 121 nəfər könüllü gömrükçü fəaliyyətə başlayıb.
Artıq cəlb olunan könüllülərdən - 5 nəfər Dövlət Gömrük Komitəsi Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsində, 2 nəfər Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsində, 20 nəfər Əməliyyat-İstintaq Baş İdarəsində, 2 nəfər Beynəlxalq Əməkdaşlıq İdarəsində, 2 nəfər İnzibati İdarəetmənin Təşkili İdarəsində, 2 nəfər Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsində, 1 nəfər İnfrastrukturun İnkişafı İdarəsində, 2 nəfər Hüquqi Təminat İdarəsində, 30 nəfər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, 16 nəfər Bakı Baş Gömrük İdarəsində, 4 nəfər Sumqayıt Baş Gömrük İdarəsində, 7 nəfər Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində, 8 nəfər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində, 3 nəfər Mərkəzi Gömrük Ekspertizası İdarəsində, 4 nəfər Baş Gömrük Mühafizə Xidmətində, 2 nəfər Qərb Ərazi Baş Gömrük İdarəsində, 10 nəfər Tibb Xidməti İdarəsində, 1 nəfər isə Ticarətin Asanlaşdırılması Mərkəzində 4 ay müddətində könüllülük fəaliyyəti göstərəcək.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev könüllüləri Komitənin müxtəlif strukturlarının rəhbərlərinə təqdim edib, onlar da öz növbəsində gənc könüllülərə tövsiyə və tapşırıqlarını, fəaliyyət zamanı nizam intizam, insan hüquqlarına hörmət, qanunun aliliyi prinsiplərinə və etik davranış qaydalarına riayət etməyin vacibliyini vurğulayıb və onlara fəaliyyətləri dövründə uğurlar arzulayıblar.
Hər bir "Könüllü gömrükçü" dəstəsinin üzvü ilə Azərbaycan Respublikası "Könüllü fəaliyyət haqqında" Qanununun tələbinə müvafiq olaraq müqavilə bağlanılıb, eyni zamanda hər bir könüllü xüsusi geyim dəsti ilə təmin olunub.