Gömrük Akademiyasının tələbələri beynəlxalq konfransda iştirak ediblər

2019-06-14

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” və “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan  3-cü kurs tələbələri Xəyalə Mirzəyeva, Eldar Əliyev, İsa Allahverdiyev, Həsən Həsənzadə, Elvin Qazaxov və Fidan Camalzadə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forumun proqramı altında 6-8 iyun tarixlərində keçirilən VI Beynəlxalq i-Gömrük “Beynəlxalq biznes, innovasiyalar və gömrük tənzimləmələri” gənclər konfransında iştirak ediblər. Dünyanın 14 ölkəsinin ali məktəbindən təqdim edilmiş məruzələrin sırasından seçilmiş və proqrama daxil edilmiş 25 məruzənin 6-sı Gömrük Akademiyasının tələbələrinin məruzələri olub.
Məqalələr iki ay əvvəlcədən ali komissiyaya göndərilib və yalnız seçilmiş məqalələrin müəllifləri konfransa dəvət alıblar. İsa Allahverdiyev və Xəyalə Mirzəyevanın “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesində gömrük sisteminin adaptasiyası” mövzusunda məqaləsi “Ən yaxşı məqalə” mükafatına layiq görülüb.
Tələbələrin məqalələri konfransın jurnalında nəşr olunacaq və onlar oktyabr ayında Makedoniyada təşkil olunacaq növbəti konfransa dəvət alaraq, yenidən Azərbaycanı təmsil etmək imkanı əldə edəcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi