Bakıda ÜGT-nin İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi keçirilir

2019-06-13

İyunun 12-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Prezident İlham Əliyevin konfrans və sərgi iştirakçılarına ünvanlanan məktubunu oxuyub.
Baş nazir çıxışında bildirib ki, Ümumdünya Gömrük Təşkilatının bu konfrans və sərgisinin Bakıda keçirilməsi Azərbaycanın informasiya texnologiyaları sahəsində uğurla irəlilədiyinin bariz nümunəsidir. Vurğulanıb ki, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakı şəhərində yerləşməsi və hazırda Azərbaycanın ÜGT-nin Avropa Regionuna rəhbərlik etməsi Ümumdünya Gömrük Təşkilatı ilə səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunun sübutudur.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır, son illər ölkədə nəqliyyat, logistika və digər sahələrdə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. İnformasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verən Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu sahənin inkişafına göstərilən diqqətin əyani təsdiqidir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsinin ölkə üçün əsas vəzifələrdən biri olduğunu deyən Baş nazir onu da bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin, rəqəmsal iqtisadiyyatın, elektron kommersiya və data mərkəzlərinin, texnoloji parkların, biznes inkubatorlarının yaradılması, informasiya təhlükəsizliyinin təmini istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxışında tədbirin önəmini diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən mütərəqqi siyasət nəticəsində bu gün bütün sahələrdə olduğu kimi, gömrük işinin müasir idarəçilik prinsipləri əsasında təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub.
Səfər Mehdiyev qeyd edib ki, qlobal müstəvidə gömrük işi sahəsində tətbiq edilən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi üçün beynəlxalq əməkdaşlığın rolu vacibdir və Azərbaycan Gömrük Xidmətinin ÜGT ilə əməkdaşlığını bu mənada nümunəvi saymaq olar. DGK sədri vurğulayıb ki, bu gün Heydər Əliyev Mərkəzində ÜGT-nin ən böyük tədbirinin keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq ÜGT-nin həm özəl, həm də dövlət sektoru üçün nəzərdə tutulan iki tədbiri - İnformasiya Texnologiyaları Sərgisi, Texnologiyalar və İnnovasiyalar Forumu birləşdirilərək vahid tədbir çərçivəsində təşkil edilib. Səfər Mehdiyev bildirib ki, bu yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi işində qazandığı xüsusi rəğbət və etimadın göstəricisidir. Komitə sədri onu da qeyd edib ki, "SMART sərhədlər üçün yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar" mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə gömrük işi sahəsində blokçeyn texnologiyasından, süni intellektdən istifadə kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılacaq və tətbiq edilə bilən ən müasir texnoloji həllər barədə təqdimatlar keçiriləcək.
Daha sonra qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük uğurlar əldə edib və Azərbaycan Gömrük Xidməti tərəfindən tətbiq edilən elektron xidmətlər ölkədə ümumilikdə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır. Bu gün gömrük rəsmiləşdirilməsi proseslərinin tam avtomatlaşdırıldığını, gömrük bəyannamələrinin elektron formada təqdim edildiyini, gömrük ödənişlərinin həyata keçirilməsi,gömrük orqanlarına müraciətlərin izlənməsi kimi xüsusi sosial əhəmiyyət kəsb edən xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğunu deyən Komitə sədri, fürsətdən istifadə edərək tədbirin iştirakçı ölkələrini güzgülü statistika aparmağa və bu sahədə ortaq layihələr həyata keçirməyə dəvət edib.
Öz növbəsində, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kangçıxış edərək tədbir iştirakçılarını salamlayıb və ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinə ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib.
Baş direktor bu tədbirin qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda kömək edəcəyinə əmin olduğunu bildirib, informasiya texnologiyaları sahəsindəki qabaqcıl təcrübələrdən danışıb.
ÜGT-nin Baş katibi Kunio Mikuriya isə bildirib ki, bügünkü konfrans aparıcı texnologiyaların və yeniliklərin paylaşılması sahəsində yüksək səviyyədə təşkil edilib, tədbirdə ÜGT-nin qlobal texnologiyalar üzrə peşəkar ekspertlər qrupu iştirak edir. Əldə olunan nailiyyətləri bu tədbir çərçivəsində daha da inkişaf etdirmək niyyətində olduqlarını deyən Baş katib, tədbirdə daha çox ticarət, səyahət və nəqliyyat üçün yeni texnologiyalar mövzusunun seçildiyini diqqətə çatdırıb.
Kunio Mikuriya qeyd edib ki, bu gün elektron kommersiya və elektron ticarətin inkişafı müşahidə olunur və bu bizim yaşam tərzimizdir. Süni intellekt, blokçeyn, əşyalar interneti və s. sərhəd-keçid məntəqələrində idarə edilməsi iqtisadi inkişafa səbəb ola bilər. Baş katib onu da bildirib ki, biz ölkələrin təcrübə və fikir mübadiləsindən yararlanır və konfransda müzakirələr apararaq gələcəkdə bu sahəni inkişaf etdirə bilərik.
Daha sonra tədbir iştirakçıları texnoloji yeniliklər və avadanlıqların nümayiş olunduğu sərgiyə baxıblar.
Konfrans sessiyalarla davam edib. Sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi ilə bağlı mövzular müzakirə edilib.
Xatırladaq ki, ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi iyunun 14-dək davam edəcək.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və əməkdaşları, eyni zamanda tələbələri bu mühüm və əlamətdar tədbirdə iştirak edirlər.