Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

2019-05-29 18:18

May ayının 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) baş katibi Ramin Həbibzadə, tələbələr və Akademiyanın əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov tələbələrin potensialının böyük olduğunu, onların bir sıra layihələr icra etdiklərini, akademik fəaliyyətlə yanaşı, Vətəninə, xalqına dəyərli, yetkin şəxsiyyət kimi formalaşmasının mühüm olduğunu vurğulayıb. Qulu Novruzov Akademiya tərəfindən daim tələbələrin təşəbbüslərinin dəstəkləndiyini qeyd edib.
ATGTİ-nin baş katibi Ramin Həbibzadə Gömrük Akademiyasının tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. Ramin Həbibzadə Akademiya tələbələrinə ictimai fəaliyyətdə uğurlar arzulayıb,  ATGTİ-nin Akademiyanın TGT-ni dəstəkləyəcəyini və təşkilatla əməkaşlığın davam etdiriləcəyini deyib.
İclasda gündəliyə uyğun olaraq, Akademiyanın TGT-nin rəhbərliyinin 2018-2019-cu illər ərzində fəaliyyətinin nəticələri haqqında hesabatı dinlənilib və səsə qoyularaq qəbul edilib.
Sonra səsvermə olub. TGT-nin sədri, sədr müavinləri və idarə heyətinin üzvləri seçiliblər.

İctimaiyyətlə əlaqələr şöbəsi