Gömrük Akademiyasında Respublika Günü qeyd edilib

2019-05-27 18:10

Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlayıb. Tədbirdə qonaq qismində Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev, Akademiyanın tələbələri və əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi  Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 28 May - Respublika Günü Azərbaycan dövlətinin, dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Ötən il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunduğunu xatırladan Akademiya rəisi Azərbaycan xalqı üçün müstəqilliyin böyük bir nemət olduğunu diqqətə çatdırıb. O, deyib ki, dünyada bir çox xalqlar üçün əlçatmaz nemət olan bu arzunun reallaşması olduqca böyük hadisədir. Azərbaycan gənclərinin 100 illiyi tamam olmuş respublikanın nümayəndələri olaraq fəxr və qürur hissi keçirməli olduqlarını vurğulayıb. Müasir Azərbaycan dövlətinin yenidən müstəqilliyə qovuşduqdan sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Qulu Novruzov Prezident İlham Əliyevin yürütdüyü inkişaf strategiyasının bu qüruru yaşamağa əsas verdiyini deyib. Akademiya rəisi Şərqdə ilk demokratik respublikanın yaradıcıları olaraq cümhuriyyət qurucularının adlarının tarixdə yaşadığını və onların hər birinin həyatının qəhrəmanlıq səlnaməsi olduğunu qeyd edib.
Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Azərbaycan Demokratik Respublikasının çətin tarixi şəraitdə yaranmasından, ağır siyasi-ictimai vəziyyətdə fəaliyyətindən danışaraq, həmin dövrdə baş verən hadisələri tarixi və siyasi aspektdən təhlil edib. Azərbaycan xalqının keçdiyi tarixi yoldan danışan natiq Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb.
Akademiyanın “Hüquqşünaslıq” ixtisası üzrə tələbəsi Fidan Camalzadə və “İqtisadiyyat” ixtisası üzrə tələbəsi Orxan Yusifov Cumhuriyyətin dövlət xadimləri haqqında təqdimatlarla çıxış ediblər.
Tədbirdə 28 May-Respublika Gününə həsr olunmuş video çarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi