Gömrük Akademiyasında növbəti xidmətə hazırlıq təlimlərinin dinləyicilərinin bilikləri qiymətləndirilib

2019-05-26 17:23

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyada təşkil olunan növbəti hazırlıq təlimlərinin dinləyicilərinin beş həftə ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.

Tədbirdə Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov ötən ilin dekabrından yeni fərqli formatda təşkil olunan təlimlərin uğurla keçirildiyini deyib. Təlimlərin səmərəli və faydalı olduğunu bildirən Qulu Novruzov dinləyicilərin təlimlərə cəlb olunan gömrük mütəxəssislərinin, o cümlədən Akademiyanın professor-müəllim heyətinin pedaqoji biliklərindən faydalandığına, 5 həftə ərzində bir sıra peşə bilik və bacarıqlarını artırdıqlarına əminliyini ifadə edib. Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iştirakı ilə mayın 9-da Akademiyada təşkil olunan təntənəli andiçmə mərasimini xatırladan Akademiya rəisi artıq bir ənənənin əsasının qoyulduğunu deyib. Gələcəkdə təlimlərin daha da təkmilləşdirilməsinin, eyni zamanda Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin tapşırığı ilə təlimlərin müddətinin 5 həftədən 8 həftəyədək uzadılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qulu Novruzov səmərəliliyin təmin olunması üçün müddətin uzadılmasının məqsədəmüvafiq olduğunu vurğulayıb. Son dövrlərdə Komitə rəhbərliyi tərəfindən gömrük sistemində aparılan islahatlara diqqət çəkən Akademiya rəisi tamamilə yeni, fərqli gömrükçü imicinin yaradılmasının, vaxtilə gömrük xidmətinə münasibətdə meydana çıxmış mənfi stereotiplərin aradan qaldırılmasının vacibliyini qeyd edib. Akademiya rəisi gömrük əməkdaşlarının tam fərqli davranış, ünsiyyət və bacarıqlara məxsus olmasının vacibliyini bildirib, yüksək mənəvi keyfiyyətlərin zəruri olduğunu vurğulayıb. Qulu Novruzov dinləyicilərə iş fəaliyyətlərində uğurlar arzulayıb.     

Dinləyicilər Akademiya rəhbərliyinə və əməkdaşlarına təlimlərin keçirilməsi üçün yaradılan hərtərəfli şəraitə görə təşəkkürlərini bildiriblər.

Sonra xidmətə hazırlıq təlimlərinin dinləyicilərinin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayından bu günədək gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə Akademiyada keçirilən xidmətə hazırlıq təlimlərində iştirak edən gömrük əməkdaşları mayın 9-da Akademiyada təntənəli andiçmə mərasimində gömrükçü andını qəbul ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi