Gömrük Akademiyasının Elmi Şurası yeni tərkibdə fəaliyyətə başlayıb

2019-05-15 16:29

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi Şurası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamı ilə yeni tərkibdə ilk iclasını keçirib. Gündəliyə Elmi Şuranın sədrinin, sədrin müavini və elmi katibin seçilməsi, Akademiyanın yeni loqosu və bayrağının, "DGKA-nın akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabat"ın təsdiq olunması, DGKA-da xidməti müqavilə əsasında tədrisə kənardan cəlb olunan mütəxəssislərə və saathesabı ilə dərs aparan əməkdaşlara ödənilən xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi, "Tələbə Elmi Cəmiyyəti Şurası haqqında Əsasnamə"nin, "DGKA-nın daxili intizam qaydalarının təsdiqlənməsi məsələləri daxil edilib.
İclasda çıxış edən Akademiyanın rəisi, Elmi Şuranın sədri Qulu Novruzov  Akademiyada elmi fəaliyyətin təşkili ilə bağlı məsələlərə toxunaraq, bu sahədə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb. Elmi Şuranın sədri elmi nəşrlərin sayının artırılması, elmi uğurların stimullaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsindən söz açıb. Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin də genişləndirilməsinin vacibliyini önə çəkən Akademiya rəisi tələbələrin elmi araşdırma, tədqiqatçılıq qabiliyyətlərinin formalaşdırılmasını vacib hesab etdiyini deyib. Bununla yanaşı, tələbələrin sosial yönümlü tədbirlərdə iştirakı, ictimai aktivliklərinin nəzərə alınmasını vurğulayıb. Akademiya tələbələrinin ABŞ-da, Sankt-Peterburqda uğurla çıxış etdiklərini qeyd edərək, idman sahəsində fəaliyyətin də diqqətdə saxlanılmasından bəhs edib. Qulu Novruzov Şura tərəfindən verilən qərar və tövsiyələrin Akademiyanın uğurlarının artmasına xidmət edəcəyinə inamını ifadə edib. Akademiya rəisi Elmi Şuranın fəaliyyətində uğurlar arzulayıb.
Sonra gündəlikdəki məsələlər ətrafında geniş müzakirələr aparılıb və təhsilalanların daxili intizam qaydalarının pozulması ilə bağlı hərəkətlərinin ətrafında araşdırma aparmaq üçün beş nəfərdən ibarət İntizam komissiyasının yaradılması məqsədəmüvafiq hesab olunub.
Sonda cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi